Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Türkiyənin Altınbaş Universitetinin rektoru, professor Çağrı Erhanı qəbul edib.
Qonağa rəhbəri olduğu təhsil müəssisəsi haqda məlumat verən G.Gəraybəyli bildirib ki, universitetin 6 fakültəsi var. Hazırda ATU-da 7 mindən çox tələbə təhsil alır ki, onların da 2 min nəfərdən çoxu xarici tələbədir. Bu göstəriciyə görə, ATU ölkə universitetləri arasında birinci yerdədir.
Rektor qeyd edib ki, ötən il ATU-da iki yeni ixtisas açılıb: tibb bacısı və fizioterapist. Bundan başqa, iki əlavə magistratura ixtisası təşkil olunub-tibbi psixiatriya və tibbi menecment.
Həmçinin 2020-ci ildən başlayaraq, universitetdə ilk dəfə Azərbaycan vətəndaşları üçün ingilis dilində tədris həyata keçirilir.
ATU-nun rektoru əlavə edib ki, universitetin özünün 4 klinikası - Tədris Cərrahiyyə, Tədris Terapevtik, Tədris stomatoloji və Onkologiya klinikaları fəaliyyət göstərir və hər biri müasir avadanlıqlarla təchiz olunub. Tələbələr burda klinik dərslərini keçirlər.
Onun sözlərinə görə, beynəlxalq əlaqələrin genişləndirilməsi ATU üçün prioritet istiqamətlərdən biridir: "Təbii ki, bu məsələdə Türkiyə universitetləri ilə olan əlaqələr ilk sırada durur. İnanıram ki, bu görüşdən sonra bizim əməkdaşlıq müqaviləmiz daha işlək olacaq. Hesab edirəm ki, müqavilə əsasında artıq ciddi şəkildə qarşılıqlı elmi işlərin aparılmasına baxılmalıdır. İki qardaş ölkə arasında gediş-gəlişin rahat olması və dil maneəsinin olmaması bu məsələdə böyük bir üstünlükdür".
Rektor Çağrı Erhan qeyd edib ki, Altınbaş Universiteti Türkiyədəki Vəqf universitetləri arasında xarici tələbə sayına görə birinci yerdədir: "Mən də o fikirdəyəm ki, memorandum əsasında tələbə və müəllim mübadiləsinə başlamalıyıq. Onsuz da bizdə azərbaycanlı tələbələr təhsil alır. Tibb, diş həkimliyi və əczaçılıq kimi eyni fakültələrimiz var. Diş həkimliyi üzrə bu il ilk məzunlarımız olacaq. Bundan başqa, bir klinikamız və on şöbəli Tibb xidmətləri məktəbimiz var. İnanıram ki, bu görüşdən sonra qarşılıqlı fəaliyyətimiz daha səmərəli olacaq".
Görüşdə ATU-nun Ümumi işlər üzrə prorektoru Tahir Vəliyev, Beynəlxalq əlaqələr üzrə prorektor Orxan İsayev, Altınbaş Universiteti Biznesin idarə edilməsi fakültəsinin dekanı Ali Argun Karacabey, beynəlxalq əlaqələr şöbəsinin müdiri Nur Eradlı iştirak ediblər.