Azərbaycan Tibb Universitetinin (ATU) İctimai səhiyyə fakültəsinin təşkilatçılığı ilə səhiyyə təşkili üzrə təlim keçirilib. Təlimdə səyyar xəstəxanaların qurulması prinsipləri; zərərçəkmiş şəxslərə, o cümlədən avtomobil qəzalarında zərərçəkənlərə ilk tibbi yardım və digər mövzularda müzakirələr aparılıb.
Təlimin açılışında çıxış edən ATU-nun İctimai səhiyyə fakültəsinin dekanı, professor Anar Ağayev gələcəyin həkimləri üçün bu mövzuda praktiki bacarıqlarının olmasının böyük əhəmiyyət kəsb etdiyini, bu baxımdan belə treninqlərin vacib olduğunu qeyd edib.
Daha sonra ATU-nun Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının dissertantı, Qasım Əmrahlı mövzu ilə bağlı bir çox məsələlərdən danışıb. Təlim zamanı tibbi avadanlıqlardan rahat və sərbəst şəkildə istifadə etməklə verilən tapşırıqların dəqiq və düzgün yerinə yetirilməsinə diqqət olunub.
Təlimdə həmçinin səyyar tibb məntəqələrinin qurulması; İlk tibbi yardım zamanı ilk öncə şəxsi təhlükəsizliyin qorunması prinsipləri; zərərçəkmişin vəziyyətinin düzgün qiymətləndirilməsi və qrup şəklində fəaliyyət növlərinin düzgün bölünməsi və ardıcıllığı; avtomobil qəzaları və digər hallarda zərərşəçmiş şəxsin ərazidən uzaqlaşdırılması; rəngli kodların aktivləşdirilməsi kimi məsələlərə diqqət yetirilib.
İctimai səhiyyə üzrə bu cür təlimlərin hər həftə keçirilməsi planlaşdırılır.