Əziz məzunlarımız!
Ölkəmizin ən nüfuzlu və qocaman ali məktəblərindən biri olan Azərbaycan Tibb Universitetində təhsilinizi uğurla başa vurmağınız münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm!
İllər öncə siz universitetimizin qapısından tələbə kimi daxil olanda, həyatınızın mühüm bir mərhələsinə qədəm qoymağın həyəcanını yaşayırdınız. İndi isə artıq özünə inamlı, yüksək ixtisaslı peşəkar kadrlar, insanlara yardım etməyə tələsən həkimlər qismində buranı tərk edirsiniz. Bu müddət ərzində bilikli və təcrübəli müəllimlərimizdən, Azərbaycanın tanınmış elm adamlarından, eləcə də dünyaca məşhur professorlarından dərs almısınız.
Azərbaycan Tibb Universitetinin rəhbərliyi sizin yüksək səviyyəli tibb təhsili almağınızla yanaşı, tələbəlik illərinizin zəngin, yaddaqalan keçməsi üçün də əlindən gələni əsirgəməyib. Sizi dinləmişik, hər an yardım etməyə hazır olmuşuq, problemlərinizin öhdəsindən gəlməyə çalışmışıq.
Təəssüflə qeyd etməliyəm ki, təhsil müddətinizin bir hissəsi bütün dünya üçün ağrı-acılı olan bir dövrə təsadüf etdi. Artıq bir il yarımdır ki, COVİD-19 pandemiyası cəmiyyətin təcrübəli, savadlı tibb kadrlarına nə qədər böyük ehtiyacının olduğunu bir daha göstərdi. Fəxrlə qeyd etməliyəm ki, tələbələrimiz və məzunlarımız həm vəzifə borcunu yerinə yetirərək, həm də bir çox hallarda könüllü olaraq koronavirusla mübarizəyə qoşuldular, xəstələrin müalicəsində aktiv iştirak etdilər. Onlar koronavirusa qarşı dövlət səviyyəsində aparılan mübarizəyə böyük töhfə verdilər.
Həkimlərimiz, eləcə də digər əməkdaşlarımız Azərbaycanın müstəqillik həyatında ən möhtəşəm, ən əlamətdar bir hadisədə - 44 günlük Vətən müharibəsində də özlərini şərəflə göstərməyi bacardılar. Tələbə və məzunlarımız könüllü olaraq cəbhəyə yollandılar. Həm döyüşdülər, həm də yaralı hərbçilərimizə zəruri yardım göstərdilər, bir çox hallarda insan həyatını xilas etdilər. Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimiz arasında ATU-nun məzunları da var. Biz qəhrəmanlarımızın ruhu qarşısında baş əyirik. Onları hər zaman fəxr və qürurla xatırlayacağıq.
Əziz həmkarlarım!
90 illik zəngin və şərəfli yol keçmiş Azərbaycan Tibb Universiteti ölkəmizdə və dünyada tibb elminin inkişafı, peşəkar kadrların yetişdirilməsi və insanların sağlamlığının qorunması işinə böyük töhfələr verib. Universitetimizdə bu müqəddəs peşənin sirlərinə yiyələnən məzunlarımız Azərbaycanın və dünyanın demək olar ki, hər yerində çalışıblar və indi də çalışırlar. O cümlədən dəfələrlə beynəlxalq səviyyədə keçirilən müxtəlif müsabiqələrin qalibi olublar, elmi uğurlara imza atıblar, hər yerdə adımızı yüksəklərə qaldırıblar. İnanıram ki, sizlər bu siyahını daha da genişləndirəcəksiniz.
Bildiyiniz kimi, ATU həm də Azərbaycanda ən çox xarici tələbənin təhsil aldığı universitetdir. Dünyanın müxtəlif ölkələrindən olan tələbələrimiz Azərbaycandan həm yüksək tibbi təhsil, həm də xoş təəssüratlarla öz vətənlərinə dönəcək, əldə etdikləri biliklərlə insanların sağlamlığının keşiyində dayanacaqlar.
İndi sizin qarşınızda geniş perspektivlər açılır. İstər işləmək, istərsə də təhsili davam etdirmək - hansı yolu seçirsinizsə-seçin, əsas odur ki, həmişə doğru qərarlar verin. Daim məqsədyönlü və özünəinamlı olun, öyrənməyə, təcrübə qazanmağa davam edin. Və öz biliklərinizi tibb elmimizin, səhiyyəmizin daha da inkişaf etməsinə yönəldin.
Bir daha hər birinizi Azərbaycan Tibb Universitetində təhsili başa vurmağınız münasibətilə səmimi qəlbdən təbrik edir, sizə gələcək həyatınızda uğurlar arzulayıram!