İctimai səhiyyə fakültəsinin təşkilatçılığı ilə müxtəlif mövzularla bağlı silsilə təlimlər davam edir. ATU-nun 6 saylı yataqxanasında baş tutan növbəti təlim qida təhlükəsizliyi məsələsinə həsr olunub.
Nəzəri və praktiki hissədən ibarət olan təlim Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının dissertantı Qasım Əmrahlı və həmin kafedranın doktorantı Qoşqar Orucov tərəfindən aparılıb. Əvvəlki təlimlərdən fərqli olaraq, bu təlimdə Səhiyyə menecmenti ixtisası üzrə magistrlər də iştirak ediblər. Təlim iştirakçıları quplara bölünüb və hər qrupa fərqli tapşırıqlar verilib.
Tapşırıqlarda əsasən, ərzaq və yeməklərin vaxtında və xarab olmadan ayrı-ayrı ünvanlara çatdırilması, yemək və daşınma xərclərinin hesablanmasına dair praktiki suallar öz əksini tapıb.
Xidmətləri yerinə yetirərkən gigiyenik qaydalara əməl olunması, ara məsafəsinin, vaxt bölgüsünün nəzərə alınması təlimin əhəmiyyətini şərtləndirən vacib amillər kimi dəyərləndirilib. Məsələn, praktiki qrup tapşırığının birinə görə, sahildən 200 km uzaqda lövbər salan gəminin 2 növbədə işləyən 160 nəfərlik heyətinə Nəsimi rayonunun ərazisindən yemək bişirilib aparılmalıdır. Qrup üzvləri öz aralarında məsləhətləşərək, tapşırığın icrası zamanı səhər növbəsinin səhər saat 6-dan axşam saat 6-ya, axşam növbəsinin isə axşam saat 6-dan səhər saat 6-ya qədər davam etdiyini və yeməyin hansı saatlarda veriləcəyini nəzərə alıblar.
Təlim tapşırıqları yerinə yetirildikdən sonra bütün iştirakçılar müzakirələrə qoşularaq ən optimal cavabları müəyyənləşdirməyə çalışıblar.
Fakültənin dekanı, professor Anar Ağayev təlimin gedişini izləyərək iştirakçılara öz tövsiyələrini verib.