Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının təşkilatçılığı ilə "Narkotiklər haqqında həqiqəti öyrənək" mövzusunda vebinar keçirilib. Kafedranın professor-müəllin heyəti və tələbələrin iştirakı ilə keçirilən tədbirdə giriş sözü ilə çıxış edən kafedra müdiri, professor Musa Qəniyev narkomaniyanın cəmiyyət üçün hansı bəlalar gətirməsindən danışıb. Hazırda əsasən gənclər arasında yayılan narkomaniyanın müalicəsinin çox çətin, ağır və üzücü bir proses olduğunu bildirərək, bu bəlanın qarşısının alınmasında düzgün və elmə istinad edən, ardıcıl maarifləndirmə işinin aparılmasının vacibliyini qeyd edib: “Biz qalib ölkənin vətəndaşlarıyıq. 44 günlük müharibədə qələbəmizi güclü siyasi iradə və müasir gənclik təmin etdi. İndi isə birləşərək gənclərimizi bu kimi bəladan qorumalıyıq. Onların fiziki və mənəvi cəhətdən sağlam inkişafının təmin olunması üçün əlimizdən gələn hər bir şeyi etməliyik”.
Sonra ATU-nun farmakologiya kafedrasının dosenti Svetlana Babayeva “Narkotik potensialı yüksək olduğuna görə psixostimulyatorlarla müalicə xüsusi diqqət tələb edir”, dosent Fatimə Abdulkərimova “Psixodisleptiklər potensial aktiv narkotikdir”, dosent Aydın Əliyev “Opioidlər həm dərman, həm də narkotik kimi; narkomaniya zamanı aparılan detoksikasiya tədbirləri” mövzusunda maraqlı məruzələrlə çıxış ediblər. Müzakirələr zamanı tələbə və dinləyiciləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb. 4 saata yaxın vebinarda 120-dən çox tələbə iştirak edib.