Ölkəmizdə ən çox əcnəbi tələbəsi olan Azərbaycan Tibb Universitetini hər il yüzlərlə xarici gənc təhsilini başa vurur. Bu il ATU-nun magistraturasından məzun olanlardan biri də Miriam Arielle Mopia Foubidir. Əslən Kamerundan olan Miriam ATU-nun Farmakoqnoziya kafedrasında magistratura pilləsində təhsil alıb. “Aptek gücotu” (Agrimonia eupatoria L.) bitkisinin bəzi farmakoqnostik tədqiqi ilə bağlı müdafiə edən Kamerunlu tələbə artıq mövzu ilə əlaqədar 1 beynəlxalq məqalə və 1 beynəlxalq tezis dərc etdirib.
İki il öncə Bakıya gələndə çox həyəcanlı və narahat olan Miriam Arielle Mopia Foubi indi Azərbaycana doğma ölkə kimi yanaşır: “Burada həm insanlardan, həm də Azərbaycan Tibb Universitetinin nümayəndələrindən çox xoş, mehriban münasibət gördüm. Mənə hər məsələdə yardımçı oldular. Farmakoqnoziya kafedrasında mən əsl ailə münasibətinin şahidi oldum. Məni hətta Azərbaycanın gəzməli-görməli yerlərinə, bölgələrinə də apardılar”.
Miriam Arielle deyir ki burada həm bilik qazanıb, həm də çoxlu dostlar. O, Bakını yüksək ixtisaslı mütəxəssis kimi tərk etdiyinə görə ATU-nun rəhbərliyinə, xüsusilə də Farmakoqnoziya kafedrasının rəhbərinə və müəllim kollektivinə təşəkkür edir: “İki il ərzində əziyyətimizi çəkən nəzəri və praktiki biliklər mənə öyrədən elmi rəhbərim Farmakoqnoziya kafedrasının baş müəllimi Aytən Şükürova ya dərin təşəkkür bildirirəm. Ən sonda isə Azərbaycan Tibb Universitetinin, həmçinin Rezidentura və magistratura şöbəsinin rəhbər şəxslərinə göstərilən diqqət və qayğı üçün dərin təşəkkürümü bildirirəm”. Müdafiə zamanı ən yüksək qiymət alan Miriam Arielle Mopia Foubi ATU və Azərbaycandan xoş təəssüratlarla ayrılır və tezliklə yenidən bura qayıdıb dostlarını görə biləcəyinə ümid edir.