Türkiyənin Loğman Həkim Universitetinin nümayəndə heyəti ATU-nun qonağı olub

Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin Loğman Həkim Universitetinin nümayəndə heyəti ilə Azərbaycan Tibb Universitetinin (ATU) nümayəndə heyəti arasında görüş keçirilib.

Görüş zamanı ATU-nun rektoru, professor Gəray Gəraybəyli universitetin tarixi barədə qonaqlara məlumat verib. Azərbaycan Tibb Universitetinin 1930-cu ildə Bakı Dövlət Universitetinin (BDU) tibb fakültəsinin bazası əsasında yaradıldığını bildirib. Rektor qeyd edib ki, yarım əsrdən çoxdur fəaliyyətdə olan ATU hazırda zəngin maddi-texniki bazası, tədris korpusları, tələbə yataqxanası, klinika və laboratoriyaları ilə Azərbaycanın ən böyük elm və tibb ocağıdır: “Universitetimizə hər il 1000-ə yaxın tələbə qəbulu olur. Universitet nəzdində 4 böyük klinika fəaliyyət göstərir, tələbələrimiz rahatlıqla klinik fənlərini burada mənimsəyə bilirlər. Burada 6 fakültə fəaliyyət göstərir ki, bunlardan biri də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə hərbi tibb fakültəsidir. Hərbi tibb fakültəsinin tələbələri, əməkdaşları II Vətən müharibəsində iştirak etdilər, qəhrəmanlıq göstərdilər. Yaralılarımız və şəhidlərimiz oldu. Vətən müharibəsində şəhid olan tələbələrə, əməkdaşlara Allahdan rəhmət diləyirəm”.

Rektor Gəray Gəraybəylinin sözlərinə görə, son 3 il ərzində ATU-nun beynəlxalq əlaqələri gün-gündən artır. Həmçinin universitetin tədris proqramı yenilənir: “İctimai Səhiyyə fakültəsində ciddi dəyişiklər etmişik, yeni ixtisaslar açmışıq. Bizə bu işdə Türkiyə universitetləri böyük dəstək verib. Gələcəkdə Loğman Həkim Universiteti ilə müqaviləmizin praktikada özünü doğruldacağına, uğurlu şəkildə tələbə, həkim, master-klasslar mübadiləsinin aparılacağına inanıram”.

ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev beynəlxalq əlaqələrdən danışıb. Bildirib ki, ATU-nun 80 xarici universitetlə müqaviləsi var, onlardan 30-u Türkiyə universitetidir: “ATU xarici tələbə sayına görə ölkədə birinci yeri tutur. Universitetimizdə 2300 xarici tələbədən 700-ü Türkiyə vətəndaşıdır”.

 

 

Görüş zamanı nümayəndə heyətinin rəhbəri, Loğman Həkim Universitetinin rektoru professor Bülənt Gümüşəl rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixi və fəaliyyəti haqqında danışıb. Qeyd edib ki, Loğman Həkim Universiteti 2018-2019 tədris ilində akademik fəaliyyətə başlayıb. Universitetdə tibb, stomatologiya, əczaçılıq, ictimai səhiyyə, idman fakültələri, sağlıq xidmətləri üzrə peşə təhsili məktəbi var. 5 fakültə üzrə 2377 tələbəsi olan Universitetin həm də Sağlıq Bilimləri İnstitutunda elmi tədqiqatlar aparılır. Loğman Həkim Universitetinin araşdırma mərkəzləri də fəaliyyət göstərir. Rektor B.Gümüşəl ATU ilə əməkdaşlıqdan məmnun olacaqlarını bildirib.

Görüşdən sonra qonaqlar ATU-nun Tədris Stomatoloji, Tədris Terapevtik Klinikası, Tədris Cərrahiyyə Klinikasına, anatomiya muzeyinə və bir sıra tədris binalarına baxış keçirib, universitet kampusu ilə tanış olublar.

Görüşdə ATU-nun ümumi işlər üzrə prorektoru Tahir Vəliyev, Əczaçılıq fakültəsinin dekanı, dosent Kamandar Yaqubov, ictimai səhiyyə fakültəsinin dekanı, professor Anar Ağayev, Əczaçılıq kimyası kafedrasının müdiri, professor Tahir Süleymanov, beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Müşfiq Orucov iştirak edərək, hər biri öz sahəsi üzrə ATU-da aparılan yeniliklər, islahatlar haqqında məlumat veriblər.

Görüşdə iştirak edən Türkiyənin Loğman Universitetinin İdarə Heyətinin sədri Mehmet Altuğ, rektorun müşaviri professor Ayşə Karaduman, universitetin Səhiyyə elmləri fakültəsinin və tibb bacısı şöbəsinin müdiri professor Fatma Öz və Əczaçılıq fakültəsinin dekanı professor Belma Gümüşel gələcəkdə hansı istiqamətlərdə işlər apara biləcəklərini müzakirə ediblər.