“Artıq ikinci ildir ki, ATU-nun Tələbə Gənclər Təşkilatının, Azərbaycan Tələbə Gənclər təşkilatları ittifaqının (ATGTİ) təşəbbüsü və ATU rəhbərliyinin dəstəyilə "Rezidenturaya birlikdə hazırlaşaq" layihəsi keçirilir. Layihənin nəticələri bu təşəbbüsün nə dərəcədə önəmli olduğunu göstərir”. Bu fikirləri ATU-nun rektoru professor Gəray Gəraybəyli layihənin təşkilatçıları və icraçıları ilə görüşdə səsləndirib.
Rektor G.Gəraybəyli qeyd edib ki, ATU-nun tələbə və məzunları ali tibb təhsili pilləsini başa vurduqdan sonra ixtisaslı həkim olmaq üçün rezidentura imtahanında iştirak etməlidirlər: “Pandemiyanın yaratdığı çətinliklər fonunda tələbə və məzunlarımızın imtahana hazırlıq prosesinə dəstək olmaq məqsədi ilə tam ödənişsiz formada silsilə onlayn görüşlərin təşkil olunmasına start verildi. Və imtahan mərkəzinin hesabatından da rezidenturanın ilk pilləsini müvəffəqiyyətlə keçənlərin sayının çox olduğunu gördük. Bu, layihənin uğurunun göstəricisidir”.
ATU TGT-nin daim aktiv fəaliyyətdə olduğunu vurğulayan rektor onu da qeyd edib ki, bu cür yararlı təkliflərin reallaşdırılmasına daim ehtiyac olduğunu da bildirib. Rektor G.Gəraybəyli bu layihədə təmənnasız olaraq tələbələrə yardımın əsirgəməyən müəllimlərə də təşəkkür edib: “Layihdə dərs keçənlər arasında fakültə dekanı, kafedra müdiri olanlar da var. Gərgin iş qrafikinə baxmayaraq, bu layihəyə vaxt ayırdığınız üçün təşəkkür edirik. Bu, əsl müəllim mövqeyidir”.
Daha sonra ATGTİ-nin sədri Pərviz Mirələmli çıxış edərək layihənin iki il ərzində göstəriciləri barədə məlumat verdi. Qeyd olundu ki, layihənin ikinci ildə təşkil olunan görüşlərində ümumilikdə 1000 nəfərdən çox tələbə və məzun birbaşa iştirak edib, 7 mindən çox şəxs isə canlı yayımları sosial şəbəkələr üzərindən izləmək şansı qazanıb. Onlayn görüşlər zamanı izah olunan mövzular imtahanı əhatə edib və iştirakçıların imtahanda daha yaxşı nəticə göstərməsinə faydalı olub.
Sonda layihədə aktiv şəkildə iştirak edən, mövzuları izah edən, iştirakçıların suallarını hərtərəfli şəkildə cavablandıran müəllim ekspertlərə təşəkkürnamələr təqdim olunub. Onlar arasında normal fiziologiya kafedrasından dos. Aqil Əliyev, Patoloji fiziologiya kafedrasından – dos. Sərdar Əliyev, Patoloji anatomiya – kafedranın tədris hissə müdiri, dos. Müşfiq Orucov, dos. İlahə Kərimova, dos. Rasim Niftalıyev, Histologiya, Embriologiya və sitologiya kafedrasının müdiri, prof. Eldar Qasımov, Farmakologiya-əczaçılıq fakültəsinin dekanı, dos. Kamandar Yaqubov, dos.Svetlana Babayeva, Tibbi mikrobiologiya və immunologiya kafedrasından prof .Nigar Ağayeva və Bioloji kimya kafedrasının müdiri, prof.Gülnarə Əzizova var.
Görüşdə ATU-nun tərbiyə işləri üzrə prorektoru,dosent Zülfüqar Musabəyov, TGT sədri, ATGTİ-nin sədr müavini Rauf Vəliyev, mətbuat xidmətinin rəhbəri Günel Aslanova da iştirak edib.