Bakıda "Koronavirus infeksiyasının pandemiyası: diaqnostika, müalicə və ağırlaşma halları" mövzusunda İkinci Avrasiya Konfransı baş tutub. Tədbirdə Azərbaycanla yanaşı, xarici ölkələrdən mütəxəssislər də iştirak ediblər.
Konfransın əvvəlində AR Səhiyyə Nazirliyi, TƏBİB agentliyi və ÜST-nin yerli ofisinin nümayəndələri açılış nitqi ilə çıxış ediblər. Elmi toplantıda Azərbaycan Tibb Universiteti, İsrail, Qazaxıstan, Rusiya, Moldovanın tibb üzrə ali təhsil müəssisələrinin rəhbərləri, tanınmış professorlar koronavirus infeksiyası ilə bağlı müxtəlif mövzularda məruzələr səsləndiriblər.
Beynəlxalq konfransda Azərbaycan Tibb Universitetinin əməkdaşları - professor Rafiq Çobanov “COVID-19-la mübarizədə aparılan karantin tədbirlərinin əhalinin sağlamlığına təsiri”, professor Nərgiz Hüseynova “COVID-19-un bağırsaq formasının orqanizmin immun vəziyyətinə təsiri”, Həyat Əliyeva “COVID-ə yoluxan pasiyentlərdə helikobakteriozun öyrənilməsi” mövzusunda maraqlı məruzələrlə çıxış ediblər.
Konfrans zamanı həmçinin SARS-CoV-2 infeksiyasına yoluxmadan sonrakı dövrdə anticisimlərin səviyyəsi, KT zamanı döş qəfəsində iltihabın diaqnostikasının meyarları, COVID xəstələrində bakterial koinfeksiyalar, long COVID pasiyentlərinin izlənməsi, virusun yeni ştammları ilə bağlı məlum faktlar ətrafında müzakirələr aparılıb.