Hazırda yağlanma ilə bağlı hepatitlərə daha çox rast gəlinir

Hepatit qaraciyərin iltihabi xəstəliyidir. Hepatit necə müalicə olunur? Hepatitin hansı növləri qalıcı qaraciyər xəstəliyinə səbəb ola bilər? Hepatitə necə diaqnoz qoyulur? Hepatit və sarılıq eyni xəstəlikdirmi?

 

Bu və digər suallara aydınlıq gətirmək üçün Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nuru Bayramova müraciət etdik.

 

- Hepatit nədir və necə baş verir?

 

- Hepatit qaraciyərin iltihabi xəstəliyidir. Hər hansı səbəbdən qaraciyər toxumasında zədələnmə meydana gəlir və buna cavab olaraq orqanizmdə iltihabi reaksiya başlayır. Bu iltihabi reaksiya zədələnməni aradan qaldırmağa çalışır, amma bununla yanaşı qaraciyərin sağlam hissəsini də zədələyə bilir. Hepatitləri müxtəlif səbəblər törədir. Bunlardan birincisi viruslardır, yəni virusların yaratdığı hepatitlərdir. Viral hepatitlərə A, B, C, Delta və son dövrlər rast gəlinən hepatit E, G-ni misal göstərmək olar.

İkinci yerdə alkoqol mənşəli hepatitlər dayanır. Alkoqol qaraciyəri ən çox zədələyən alimentar faktorlardan biridir. Üçüncü yerdə dərmanlar durur. Bir çox dərmanların istifadəsi ciddi dərman hepatitinə gətirib çıxara bilir. Qaraciyərə daxil olan və ya qaraciyərdən çıxan damarların tıxanması, autoimmun amillər, anadangəlmə və qazanılmış metabolik xəstəliklər o cümlədən, piylənmə və şəkərli diabet hepatitə səbəb ola bilir.

Bu səbəblər arasında ən çox rast gəlinən viral, alkoqol və son dövrlər daha çox qarşılaşdığımız piylənmədir.

 

- Hepatitlər necə müalicə olunur?

 

- Müalicədə əsas yeri iki qrup tədbir tutur. Birinci qrupa səbəbin aradan qaldırılmasına yönəlmiş tədbirlər aiddir. İkinci qrup tədrbirlərə isə orqanizmdə baş verən dəyişikliklərin aradan qaldırmasına yönələn dəstək tədbirlər aid edilir. Hepatitin ağırlıq dərəcəsinə uyğun olaraq bu tədbirlərin biri və ya hər ikisi seçilə bilər.

 

- Hepatitin hansı növləri qalıcı qaraciyər xəstəliyinə səbəb ola bilər?

 

- Qısa cavab ondan ibarətdir ki, hepatiti törədən səbəblər aradan qalxarsa xəstə sağalır, aradan qalxmazsa qalıcı qaraciyər xəstəliyinə səbəb olur.

Hepatitin təbii gedişi səbəbin aradan qalxıb-qalxmamasından asılı olaraq dəyişir. Hepatitin ilk mərhələsi kəskin mərhələdir. Əgər bu mərhələdə səbəb aradan qaldırılarsa, kəskin hepatit iz qoymadan sağalır. Əgər bu mərhələdə sabəb aradan qaldırılmazsa, xəstəlik davam edir və xroniki mərhələ baş verir. Xroniki mərhələnin özəlliyi ondan ibarətdir ki, həm səbəb davam edir, həm zədələnmə baş verir, həm də fibriotik (sərt) toxuma əmələ gəlir. Bu mərhələdə səbəb aradan qalxarsa vəziyyət stabil qalır, və ya qaraciyər düzələ bilir. Əgər səbəb aradan qaldırılmazsa xroniki xəstəlik davam edir, proqressivləşir və sirroz adlanan mərhələ baş verir. Sirrozda həm zədələnmə, həm fizbroz həm də düyünləşmə var. Sirroz mərhələsində də səbəb aradan qaldırılarsa proses stabilləşir, hətta yaxşılaşma baş verir. Lakin, səbəb aradan qaldırılmazsa proqressivləşmə davam edir, varikoz, qanaxma, assit, qaraciyər yetməzliyi kimi ağırlaşmalar və qaraciyər xərçəngi meydana çıxa bilir.

 

- Hepatitə necə diaqnoz qoyulur?

 

- Hepatitin diaqnostikasinda adətən 3 suala cavab axtarırırq: hepatit varmı, səbəbi nədir və ağırlıq dərəcəsi hansıdır?

Hepatitin olub-olmadığı qan analizi ilə müəyyən edilir. Qaraciyərin funksiyonal testləri adlanan göstəricilərdə dəyişikliklər varsa (ALT, AST, bilirubin, QF, QQT) hepatiti göstərir. Səbəbi müəyyənləşdirmək üçün anmnez, virus testləri, metabolik, autoimmun testlər və görüntüləmə müayinələri aparılır. Ağırlıq dərəcəsini müəyyənləşdirmək üçün isə klinik əlamətlər və spesifik qan testləri nəzərə alınır.

 

- Hepatit və sarılıq eyni xəstəlikdirmi?

 

- Xeyr, eyni deyil. Hepatit xəstəlikdir, sarılıq isə xəstəliyin əlamətidir. Sarılıq dərinin və ya gözün ağlı qişasının saralmasıdır və qanda bilirubinin artması ilə müşayət olunur. Sarılıq hepatitlərdən başqa bir çox xəstəliklərdə, o cümlədən qan xəstəliklərində və öd yollarının tıxanmalarında da müşahidə edilə bilir.

 

- Hepatitlər yoluxdurucudurmu?

 

- Viral hepatitlər yoluxucudur, digər hepatitlər yoluxdurucu deyil. Hepatit virusları xarici təmas və qan vasitəsi ilə keçə bilər. Məsələn A və E viruslar xarici təmas yolu ilə, B, C və D isə qan vasitəsi ilə keçə bilir.

 

- Daşıyıcılar üçün risk varmı?

 

- Daşıyıcı anlayışı köhnə ifadədir və əvvəllər hepatit B-nin inaktiv formasına deyilirdi. Hazırda buna HBeAg-neqativ xroniki infeksiya deyilir. Bu formanın xüsusiyyəti ondan ibarətdir ki, vücudda hepatit B virusu var, lakin virusun miqdarında artma, qaraciyərdə zədələnmə və iltihab yoxdur. Orqanizm virusu öldürə bilmir, lakin çoxalmasının qarşısnı alır. Beləliklə, virus və orqanizm bir-birlərinə zərər vermədən birlikdə səssizcə yaşayırlar. Əksər xəstələrdə bu “birgə yaşayış” ömür boyu davam edir. Lakin bəzi hallarda, xüsusən də orqanizmin immun sistemi zəiflədikdə bu “səssizlik” pozula bilir, virus çoxalır və qaraciyəri zədələməyə başlayır, aktiv hepatit meydana gəlir. Bu səbəbdən qaraciyər funksiyaları mütəmadi olaraq yoxlanılmalı və virusun aktivliyi araşdırılmalıdır.

 

- Daşıyıcılar yoluxucudurmu?

 

- Bəli, yoluxucudu. Yaxın qohum və qanla təmasda olan insanlar bu xəstəlikdən qorunmaqda hepatit xəstələri ilə eyni yanaşmaya riayət etməlidirlər. Sevindirici haldır ki, Hepatit B-nin vaksini var və çox yüksək (90 faizdən çox) qoruyuculuğa malikdir.

 

Qeyd edim ki, son 20 ilə qədərki dövrədək hepatologiyada ön plana viral hepatitlər çıxmışdırsa, hazırda yağlanma ilə bağlı hepatitlərə daha çox rast gəlinir. Piylənmə və artıq çəki hazırda epidemiya halını alıb və inkişaf etmiş ölkələrin əhalisinin təxminən 30 faizində artıq çəki və piylənmə rastlanır. Piylənməsi olanların 60-70 faizində qaraciyər yağlanması, 30 faizində isə yağlanmaya bağlı hepatit rastlanır. Yağlanmaya bağlı hepatitlər də öz növbəsində xronikləşir. Öncə fibroza, daha sonra sirroza və nəhayət, qaraciyərin xərçənginə gətirib çıxara bilir.

 

Son dövrdə yağlanmaya bağlı hepatitin çox yayılmasının səbəbləri arasında piylənmə ilə yanaşı həyat tərzinin, qidalanma tərzinin, qidaların tərkibinin, dərmanların və ekoloji dəyişikliyinin rolu var. Bu səbəbdən piylənmə xəstəliyini müalicə etmək və artıq çəkini aradan qaldırmaq çox önəmlidir. Bunun üçün əlimizdə ən faydalı 3 əsas vasitə var. Birincisi fiziki aktivlik, ikincisi, düzgün qidalanma (“az yeyib çox gəzmək” qaydası), sonuncu isə bariatrik cərrahiyyədir. Bəzən önəmsəmədiyimiz artıq çəki həyatımıza son qoya bilər. Hər kəsə orqanizminə yaxşı davranmağı tövsiyə edirəm.