Son dövrlər Azərbaycan Tibb Universitetində (ATU) tədris prosesinin təkmilləşdirilməsi, elmi-tədqiqat işlərinin genişləndirilməsi və maddi-texniki bazanın yenilənməsi istiqamətində ciddi addımlar atılır. Aparılan abadlıq, yenidənqurma, təmir işləri, eyni zamanda mühafizə və təhlükəsizlik tədbirləri fakültələr, eləcə də kafedralarla yanaşı, tələbə yataqxanalarını, həmçinin ATU-nun yerləşdiyi ərazini də əhatə edib.
Bu işlər ATU rektorunun universitetdə idarəçilik sisteminin daha da təkmilləşdirilməsi məqsədilə prorektorlar arasında funksional vəzifələrin bölgüsü ilə bağlı imzaladığı əmrindən sonra geniş vüsət alıb. Belə ki, Ümumi işlər və İnzibati-təsərrüfat işləri üzrə prorektorluqların birgə iştirakı ilə qeyd olunan sahələrdə mövcud problemlər yenidən araşdırılıb, çatışmazlıqlar müəyyənləşdirilib və aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülüb.
Tələbələrin müasir biliklərə yiyələnməsi, ümumilikdə tədrisin keyfiyyətinin artırılması üçün daha 3 mulyaj alınıb, bundan əlavə ATU-nun tədris-treninq mərkəzlərində və tədris otaqlarında yeni kompüterlər quraşdırılıb. Laborator- diaqnostik tədqiqatlarda, elmi araşdırmalarda yüksək nəticələr əldə olunması üçün 4 vivarium tikilib. Müasir dizaynlı və ən son tələblərə cavab verən bu laboratoriyalar tibbi avadanlıqlar, eləcə də yeni reaktivlərlə təchiz olunub. Bundan əlavə, xarici ölkə vətəndaşlarının hazırlıq kursları üçün 21 dərs otağı yaradılıb.
ATU-nun yataqxanalarında aparılan cari təmir-yenidənqurma işləri zamanı tələbələrin dərsdənkənar vaxtlarının səmərəli təşkili üçün zəruri amillər nəzərə alınıb. Mövcud internet şəbəkələri yenilənib və bütün otaqlar sürətli internetlə təmin edilib. Tələbələrin təhlükəsizliyinin təmin olunması məqsədilə yanğın əleyhinə qurğular daha müasirləri ilə əvəzlənib, yeni siqnalizasiya sistemi, zəruri yerlərdə müşahidə kameraları quraşdırılıb və fasiləsiz nəzarət təmin edilib.
Ümumilikdə 711 yeni yanğınsöndürmə balonu alınıb. Nəticədə istismar müddəti bitmiş balonlar yeniləri ilə əvəzlənib, əvvəldən balonlar olmayan binalar isə təchiz edilib. Həmçinin yataqxananın su anbarları yenilənib və su nasosları quraşdırılıb. Bundan başqa, 2-si əsaslı təmir olunmaqla 4 qazanxana istifadəyə verilib.
Mülki müdafiə sahəsində zəruri tədbirlər görülüb, radiasiya əleyhinə daldalanacaq kapital təmir olunub və zəruri avadanlıqlarla təmin edilib.
İnzibati, eləcə də tədris binalarında rabitə vasitələri yenilənib və yeni daxili ATS sistemi qurulub.
Görülən işlər universitetin ərazisi ilə yekunlaşmır. Belə ki, ATU-nun yerləşdiyi küçədə müasir tipli kamera sistemi quraşdırılıb ki, bu da ümumilikdə ərazidə təhlükəsizliyin təminatı üçün önəmli məqamlardan biridir. ATU-nun tədris binalarının həyəti ilə yanaşı, binanın qarşısındakı küçədə də müasir standartlara uyğun təmir və yenidənqurma işləri aparılıb. Şəhər sakinlərinin də istifadə etdiyi bu küçənin işıqlandırılması təmin olunub. Bu isə şəhərimizin sakinlərinin rahat hərəkətinə yardımçı olmaqla yanaşı, Bakı şəhəri üzrə aparılan abadlıq işlərinə bir töhfə kimi də qiymətləndirilə bilər.
ATU-da tədrisin keyfiyyətinin yüksəldilməsi, maddi-texniki bazanın yenilənməsi, eləcə də təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi görülən işlər bundan sonra da davam etdiriləcək.