Yəqin ki, hər kəsin nə vaxtsa başgicəllənməsi olub. Bəzən bunu qan azlığı, zəiflik, aclıq, isti hava ilə əlaqələndirirlər. Amma uzunmüddətli başgicəllənmələri ciddi xəstəliklərdən xəbər verə bilər.
Bu haqda danışan ATU-nun Tədris Cərrahiyyə Klinikasının Həkim-nevropatoloqu Yeganə Rəşidova bildirir ki, başgicəllənmə hissini ifadə edən tibbi şikayət vertigo adlanır və bu hal əhali arasında geniş yayılıb. Başgicəllənməsi daxili qulaqda, beyində və ya həssas sinir yolunda problemlər zamanı yarana bilir.
“İstənilən yaşda insanın başı fırlana bilər. Lakin adətən belə hallara 65 yaşdan yuxarı insanlarda daha çox rast gəlinir. Vertigo, hərəkət narahatlığına bənzəyir, insan sanki otağın mərkəzindəki ipi çəkdiyini güman edir, tarazlığını bir neçə anlıq itirmiş olur. Vertigonun əsas əlamətləri - ürək bulanması, qusma, baş ağrısı, hərəkət zamanı büdrəməkdir”.
Həkim bildirir ki, vertigoların daha çox bu növlərinə rast gəlinir: periferik vertigo (benign paroksismal mövqe vertigo), Meniere xəstəliyi və kəskin başlanğıc vertigo. Xəstələrin 93 faizi periferik vertigoya aid olur. Y.Rəşidova qeyd edir ki, benign paroksismal mövqe vertigo (BPPV) başın mövqeyində müəyyən dəyişikliklərlə güclənən vertigo növüdür:
“Buna daxili qulaqda üzən kalsium kristalları səbəb olur. Digər növ - Meniere xəstəliyi tarazlığa və eşitməyə təsir edən daxili qulaq xəstəliyidir. Və nəhayət, kəskin periferik vestibulopatiya (APV), qəfil başgicəllənməyə səbəb olan daxili qulağın iltihabıdır”.
Vertigonun müalicəsi xüsusi fiziki hərəkətləri olan məşqlər vasitəsilə aparılır. Bəzi zəruri hallarda “vestibulyar blokaj agentləri” adlanan xüsusi dərmanlarla müalicə yazılır. Ürək-damar xəstəlikləri, qulaq infeksiyaları, baş travması, antidepressant və antipsixotik kimi dərmanlar vertigo riskini artıran amillər sırasındadır.
Həkim Y.Rəşidova vertigonun qeyd olunan əlamətlərini hiss edən kimi vaxt itirmədən həkimə müraciət etməyi məsləhət görür. Əks təqdirdə bu xəstəlik daha ciddi problemlərə yol aça bilər.