Orqanizmdə ən vacib orqanlardan biri ürəkdir. Bizi həyatda saxlayan bu orqanın problemlərini vaxtında aşkarlamaq üçün mütəmadi olaraq kardioloq müayinəsindən keçmək lazımdır. Bəzi hallarda ürəkdə EKQ və ExoKQ ilə yanaşı, koronaroqrafiya da aparmaq gərək olur.
Tibb üzrə fəlsəfə doktoru, ATU-nun Tədris Cərrahiyyə Klinikasının kardioloqu Yasmin Rüstəmovanın sözlərinə görə, koronaroqrafiya - xüsusi kontrast maddə yeridilməklə, rentgen şüaları altında ürək damarlarının müayinəsidir.
“Müayinə nəticələrinə əsasən ürəyi qanla təmin edən damarların tam mənzərəsini görmək, damar daralmasını, bu daralmaların xarakteristikasını müəyyən etmək, ürəyin necə qidalandığını görmək olar. Koronarografiya yalnız kardioloqun təyinatı ilə aparıla bilər. Pasiyent özbaşına bu müayinəni istəyə bilməz. Prosedur xoşagəlməz olsa da, travmatik, qorxulu və mürəkkəb deyil. Müayinə demək olar ki, ağrısız keçir. Koronaroqrafiyaya xüsusi əks-göstəriş olmasa da, müayinədən öncə xəstəlik tarixi ciddi şəkildə araşdırılır”.
Kardiloq Y.Rüstəmova qeyd edir ki, bu müayinə üsulu damar daralmasının müəyyənləşdirilməsi üçün önəmlidir. Çünki daralma zamanı ürək qidalanması zəifləyir və nəticədə ağrılar yaranır, stenokardiya və ya birbaşa infarkt keçirir.
“70% hallarda miokard infarktı məhz damar daralması ilə əlaqədar olur. Ona görə də vaxtında koronaroqrafiya edib, damarın daraldığını görmək və infarktın qarşısını almaq mümkündür. Damar daralmasının qarşısını almaq üçünsə stent implantasiyasından istifadə olunur. Əgər müayinə nəticəsində koronar arteriyaların ciddi zədələnmələri ortaya çıxarsa, bu zaman aortanın açıq əməliyyatı, koronar şuntlama tələb oluna bilər”.
Həkim deyir ki, bəzən koronaroqrafiya vasitəsilə damarların təmizləndiyini düşünürlər. Bu, tamamilə yanlış fikirdir. Koronaroqrafiya - damarların müalicə deyil, müayinə metodudur. Əgər müayinə zamanı ürəyi qanla təmin edən damarların ciddi daralması aşkarlanmayıbsa, düzgün qida və rejimə əməl etmək şərtilə dərman müalicəsi təyin edilir.
“Damar daralması zamanı qoyulan stent - adi qələmlərdə gördüyümüz, yaya bənzər kiçik qurğudur və bahalı metalların qarışığından hazırlanır. Bir neçə il ərzində damara yerləşdirilmiş stent bir neçə ildən sonra tamamilə toxuma ilə örtülür. Adətən stenti dəyişmək lazım olmur. Lakin bəzi hallarda xəstəlik bədxassəli gedişə malik olur və damarların təkrar zədələnməsi baş verə bilir”.
Qeyd edək ki, kardioloq Y.Rüstəmova Azərbaycan Kardiologiya Cəmiyyətinin vitse-prezidenti, həmçinin Avropa Kardiologiya Cəmiyyətinin fəxri üzvüdür.