Yaxşı istirahət uğurlu fəaliyyətin əsasıdır

Universitetimizin “Təbib” istirahət düşərgəsində dincələn əməkdaşlar yaradılan şəraitdən razıdırlar

 

İllərdir hər yay ATU-nun əməkdaşlarının istirahət üçün üz tutduqları “Təbib” istirahət düşərgəsindən reportajlar hazırlayır, yaradılan şəraitlə oxucularımızı tanış edir, burada dincələn müəllimlərin, həkimlərin və onların ailə üzvlərinin təəssüratlarını bölüşürük.

Amma keçən il bütün dünyanı ağuşuna alan, ölkəmizdən də yan keçməyən pandemiya bu ənənəmizi pozdu. İlk dəfə olaraq istirahət düşərgəsinin fəaliyyətində fasilə yarandı. Amma universitet rəhbərliyi gözlənilməz vəziyyətdən də səmərəli istifadə edə bildi. Belə ki, istirahət mərkəzinin əməkdaşlara xidmət göstərmədiyi müddətdə əsas diqqət quruculuq və təmir-tikinti işlərinə yönəldildi.

Xatırladaq ki, pandemiyadan əvvəl də istirahət düşərgəsində yeni tikililər inşa edilmişdi. Əməkdaşlarımızı daha çox sevindirən isə 200 nəfəri bir dəfəyə nahar üçün qəbul etmək imkanına malik, ümumi sahəsi 711 kv. metr olan müasir standartlara uyğun yeməkxana binasının istifadəyə verilməsi idi.

Pandemiya ilə əlaqədar ölkəmizdə tətbiq olunmuş məhdudiyyətlər yumşaldıldıqdan sonra bu yay "Təbib" istirahət düşərgəsində dincəlmiş əməkdaşlarımızın təəssüratlarını öyrəndik.

Paşa Mehdiyev (Fizioterapiya və tibbi reabilitasiya kafedrasının müdiri, dosent):

- Biz bu gözəl məkanda ailəlikcə istirahət etdik. İstirahət çox yaxşı təşkil olunmuşdu. Otaqlar təmiz, səliqəli və rahatdır. 24 saat isti və soyuq su ilə təminat var. Yeməklərin keyfiyyətinə də söz ola bilməz. Sanitar-gigiyenik tələblərə əməl edən xoş simalı işçi heyəti əməkdaşlara nümunəvi xidmət göstərir. Sanki müxtəlif çeşidli xörəklər bizim istəklərimiz nəzərə alınaraq hazırlanırdı. Bundan əlavə, düşərgənin ərazisində yüksək səviyyəli işlər görülüb. Amma uşaqlar üçün bir əyləncə yerinin olmasını da istərdik. Ümumilikdə isə, burada yaradılan şəraitdən çox razıyıq. Ailə üzvlərimiz adından kiçik xidmət personalından tutmuş, universitet rəhbərliyinədək zəhməti keçən hər kəsə təşəkkürümü bildirirəm. Əgər qismət olsa, gələn il də bizə doğma olan bu məkanda istirahət edəcəyik.

Şəhla Balayeva (Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri, dosent):

- İstirahət məkanında yaradılan şərait yüksək səviyyədədir. Ərazidə sakitlik və təmizlik hökm sürür. Otaqlar çox yaxşı təmir olunub. Yeməklərin keyfiyyəti də yaxşıdır. Fikrimcə, axşamtərəfi bir qədər yüngül yeməklər verilsəydi, daha yaxşı olardı. Əlbəttə, bu, zövq məsələsidir və xidmətin keyfiyyətinə kölgə salmır. Hamının baxa biləcəyi yerdə televizorun qoyulması da müsbət haldır. Düşünürəm ki, düşərgədə Wi-Fi İnternetin təşkil edilməsinə də ehtiyac var.

Eldar Əliyev (I Cərrahi xəstəliklər kafedrasının professoru):

- İstirahətimiz yaxşıdır. Dəniz yanımızda, meşə yanımızda. Burada bizim üçün gözəl şərait yaradılıb. İdmanla məşğul olmağa da kifayət qədər vaxtımız qalır. Günlərimiz maraqlı keçir. Bir həkim kimi onu da deyim ki, açıq havada və dənizdə olmaq, tez-tez gəzintiyə çıxmaq uşaqların müqavimətini artırır. Qışda onların xəstələnmək ehtimalı aşağı düşür. Əvvəlki illərdə tez-tez yada saldığımız bir təklif də artıq reallaşıb. Xörəklər ümumi yeməkxanada verilir ki, bu da məişət qayğılarımızı azaldıb. Hər şey qaydasındadır. Buranın şəraiti uşaqların istirahəti üçün normaldır. Narahatlıq yoxdur. İstirahətimizdən çox razıyıq.

Cavanşir Rəhimov (Tibbi və bioloji fizika kafedrasının dosenti):

- İyul ayında ATU-nun Nabran qəsəbəsində yerləşən "Təbib" düşərgəsində ailəmizlə birlikdə dincəldik. İstirahət üçün təklif olunan məkan səliqəsi və bütün tələblərə cavab verən rahatlığı ilə seçilirdi. Sakinlərə gündə üç dəfə yüksək keyfiyyətli, həkim nəzarətindən keçmiş geniş çeşidli yeməklər verilirdi. Yeməyin çeşidi və dadı ən tələbkar qonaqları belə razı salırdı. Düşərgənin Xəzərə yaxın yerləşməsi, ərazinin səfalı olması və təmiz saxlanılması onun dəyərini daha da artırır. ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Cahangir Qasımovun diqqət və qayğısını hər an hiss edirdik. O, tez-tez düşərgədə dincələn əməkdaşlarla telefon əlaqəsi saxlayır, düşərgə ilə maraqlanır, dincələnlərin təklif və fikirlərini, iradlarını soruşurdu. Həftəsonu Cahangir müəllim özü şəxsən düşərgədə oldu və hər bir masaya yaxınlaşıb istirahət edənlərin arzu və təkliflərini dinlədi. Bir sözlə, ATU rəhbərliyinin, o cümlədən HİK-in diqqət və qayğısı sayəsində həmişəlik yaddaşa həkk olunan bir istirahət alındı. Buna görə ATU-nun rəhbərliyinə dərin minnətdarlığımı bildirir, eyni zamanda, "Təbib" düşərgəsində görüləcək növbəti işlərdə uğurlar arzulayıram.

Əməkdaşlarımızın ürək sözlərini dinlədikcə, istirahətin necə təşkil olunması haqda müəyyən qənaətə gəlmək mümkün idi. Amma uzun illərdir "Təbib" istirahət məkanının məsuliyyət yükünü çiyinlərində daşıyan universitet Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımovla söhbət etməsək, yazımız yarımçıq olardı. Ona görə də düşərgədə görülən və görüləcək işlərlə bağlı C.Qasımovun fikirlərini öyrəndik: "2020-ci ildə "Təbib" istirahət düşərgəsi pandemiyaya görə işləmədi. Buna baxmayaraq, biz kifayət qədər işlər gördük. Həmin dövrdə "Təbib" istirahət düşərgəsində olan universitetin rektoru, professor Gəray Gəraybəyli  avadanlıqların saxlanılması üçün anbarla maraqlanmışdı. O zaman bu tikili yararsız vəziyyətdə idi. Ona görə də rektorun göstərişinə uyğun olaraq, 2020-ci ildə anbarın tikintisinə başladıq. Paltarların yuyulub-qurudulması, əlavə mebellərin saxlanılması üçün müasir tələblərə cavab verən otaqların, anbarların tikilməsini bir il öncə, yəni pandemiya dövründə başa çatdırdıq. Bundan başqa, həmin vaxt 2 ailənin istirahət edə biləcəyi əlavə 2 otaq, bu il isə daha 1 otaq tikildi. Təəssüf ki, ötən il pandemiya səbəbindən əməkdaşlarımız istirahət düşərgəsindən istifadə edə bilmədilər”.

Müsahibimiz deyir ki, bu mövsümdə istirahət düşərgəsinin fəaliyyəti 5 mərhələdən ibarət olmaqla bərpa edilib: “84 ailənin, ümumilikdə 336 nəfərin istirahəti təşkil olundu. Müşahidələrimiz göstərir ki, burada dincələn professor-müəllim heyəti və texniki işçilər istirahətlərindən razıdır. Universitet Həmkarlar İttifaqı Komitəsi rektorun göstərişinə uyğun olaraq düşərgədə mümkün olan şəraiti yaratdı. Amma onu da deyim ki, təmirli otaqlarımız çox deyil. Düşərgəmizdə istirahət edən əməkdaşlarımızın sayı son illər xeyli azalıb. Çünki təmir olunmamış 2 korpusumuz boş qalıb ki, bu da hər mərhələdə 40 ailənin, 80 nəfərin istirahət imkanının məhdudlaşdırılması deməkdir. Məqsədimiz yaxın 1-2 il ərzində otaq sayını kifayət qədər çoxaltmaqdır. Gələcəkdə düşərgənin ərazisində uşaqlar üçün əyləncə yerlərinin inşası, idman qurğularının quraşdırılması və digər xidmət obyektlərinin tikilməsini də nəzərdə tutmuşuq.

Daim təmasda olduğumuz əməkdaşlar onlara yaradılan şəraitə və göstərilən yüksək xidmətə görə universitetin rektoru, professor Gəray Gəraybəyliyə minnətdarlıqlarını bildirirlər. Həmkarlar İttifaqı Komitəsi olaraq var qüvvəmizlə çalışırıq ki, ATU rəhbərliyinin tövsiyələrini həyata keçirərək əməkdaşlarımızda yüksək məmnunluq hissi yaradaq".

Elə biz də məmnunluq hissi ilə söhbətimizi tamamlayaraq, əməkdaşlarımıza mənalı istirahətdən sonra uğurlu iş fəaliyyəti arzulayırıq!