Bu il yay fəsli dünyanın hər bir yerində olduğu kimi, ölkəmizdə də çox isti keçməsi ilə fərqləndi. Yayın son günləri olmasına baxmayaraq, havanın hərarəti hələ də kifayət qədər yüksəkdir. Yay mövsümünün isti keçməsi səbəbilə insanlar arasında günvurma hallarının artması müşahidə olunmaqdadır.
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Təcili yardım və qəbul şöbəsinin müdiri Cavanşir Məhərrəmov hesab edir ki, isti havalarda çoxlu maye qəbul etmək ən düzgün seçimdir: “Günəş şüalarının insan orqanizminə təsirini müsbət və mənfi olaraq iki yerə bölə bilərik. Müsbət odur ki, müəyyən saatlarda (10:00-12:30) Günəş şüaları orqanizmdə D vitamininin əmələ gəlməsinə səbəb olur. Mənfi tərəfi isə, saat 13:00-17:00 aralığında günvurma ilə nəticələnə bilməsidir. Günvurmanın fəsadlarından danışarkən, təbii ki, hər fərdə uyğun olaraq orqanizmin öz xəstəlikləri də gözdən qaçırılmamalıdır. Məsələn, ürək-damar, dəri xəstəlikləri, orqanizmin hiperhəssaslıq reaksiyaları və s. Hiperhəssaslıq reaksiyaları anlayışını aydınlaşdırsaq, fotosensibilizasiya nəticəsində yerli damar reaksiyaları: qaşınma, dərinin qalınlaşması (ödem), səpkilər nəzərdə tutulur”.
C.Məhərrəmovun sözlərinə görə, yay aylarında Günəş şüaları altına çıxmaq üçün uyğun saatlar seçilməli və rejimlərə diqqət edilməlidir: “Baş geyimlərindən, zərərli şüaları zəiflədən eynəklərdən istifadə olunmalı, xaricdən açıq rəngli, daxildən isə tünd astarlı geyimlərə üstünlük verilməlidir. Eləcə də çimərlik sahələrində qoruyucu kremlərdən istifadə etmək, kölgəliklərdə daha çox olmaq lazımdır. Birbaşa Günəş şüalarının altında 30 dəqiqədən artıq olmaq, işləmək ciddi təhlükədir”.
İsti havalarda qidalanma ilə bağlı həkim deyir ki, xəmir xörəklərindən, düyü, ət və ət məhsullarından, mayonezdən maksimum az istifadə olunmalıdır. Əvəzində isə bitki yağlarında bişirilmiş və həzmə rahat gedən, əsasən də qaynadılmış qidalar yeməliyik. Birbaşa Günəş şüalarının təsirinə məruz qalmış, həmçinin vaxtı keçmiş qida və içkiləri istifadə etmək olmaz: “Yay aylarında gün ərzində normal çəkili insanın 3-5 litr maye qəbul etməsi, su, süd, ayran, limonad, soyuq bitki çayları, az şəkərli kompotlar, yeni sıxılmış meyvə şirələri kimi içkilərə üstünlük verilməsi məsləhətdir”.
Risk qrupuna daxil olan insanlara günəşli havalarda tez-tez ilıq su ilə duş qəbul etməyi də məsləhət görən həkim qeyd edir ki, bütün bunlara baxmayaraq, kimdəsə ciddi narahatlıq hiss olunarsa, dərhal Təcili Tibbi Yardıma müraciət edilməlidir.