Cəmil İskəndərov nadir tip bel yırtığı əməliyyatını uğurla icra edib

 

ATU-nun Tədris Cərrahiyyə Klinikasının Neyrocərrahlıq kafedrasının əməkdaşı Cəmil İskəndərov spesifik bel yırtığı əməliyyatını uğurla icra edib.

Həkimin bildirdiyinə görə, bu gün onurğa xəstəlikləri arasında ən çox yayılanlardan biri də bel yırtıqlarıdır. Amma onların içərisində elə tip yırtıqlar var ki, nadir hallarda rast gəlinir: “Buna tibdə “uzaq lateral yırtıq” deyirlər. Bu tip bel yırtıqlarının xüsusiyyəti ondan ibarətdir ki, yerləşməsi onurğa kanalında deyil, kanalın xaricində olur. Adi bel yırtıqları ilə müqayisədə daha kəskin ağrılarla müşayiət olunur. Və üstəlik də, problemin aradan qaldırılması texniki olaraq xüsusi yanaşma tələb edir. Yəni “uzaq lateral yırtıq”ların çıxarılması üçün onurğa kanalını açmağa ehtiyac qalmır. Bu əməliyyat zamanı yandan onurğa kanalına yanaşmaqla və onurğa strukturlarına qətiyyən toxunmadan yalnız yırtığın kənar edilməsi mümkündür. Bu xəstə üzərində də belə bir əməliyyatı icra etdik. Yan yanaşma ilə yırtığı aradan qaldırdıq. Düşünürəm ki, qısa müddətdən sonra xəstənin ağrıları keçib gedəcək və o aktiv həyata qayıdaraq öz normal iş qabiliyyətini bərpa edəcək”.

C.İskəndərov qeyd edib ki, onurğanın degenerativ xəstəlikləri qrupuna aid olan yırtıqlar əsasən bel və boyun nahiyələrində yaranır: “Uzaq lateral yırtıqlar onlardan biri olsa da, çox az rast gəlinir. Ümumiyyətlə, onurğanın degenerativ xəstəliklərinə adətən yaşlı insanlarda təsadüf olunur. Amma son dövrlər degenerativ xəstəliklərin gəncləşməsi ilə əlaqədar olaraq, disk yırtığı şikayəti ilə gənc insanlar da müraciət edir”.