(+99412) 597-38-98
ATU-nun müəllimi ahıl insanlara evdə qulluq göstərilməsi üzrə yeni model təklif edir

Son illər dünyanı bürüyən koronovirus pandemiyasına baxmayaraq, bir çox ölkələrdə əhalinin orta ömür müddəti artır. Bu, həm insanların daha çox sağlam həyat tərzinə meyllənməsindən, həm də tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsi ilə əlaqədardır. Azərbaycanda insanların gözlənilən ömür yaşı 73-79, Avropada isə 80 yaşdan yuxarıdır.

Belə halda cəmiyyətin qarşısında duran əsas vəzifələrdən biri də yaşlı və xəstə insanlara evdə qulluğun təmin edilməsi ilə bağlıdır. Bu problem pandemiya dövründə özünü daha bariz nümayiş etdirdi. Karantin dövründə çölə çıxmaq qadağan olunduqda, kimsəsiz yaşayan ahıl və xəstə insanlar sosial xidmətə möhtac oldular.

ATU-nun İctimai fənlər kafedrasının baş müəllimi, Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Nigar Ələkbərova--xəstə və ahıl insanlara qulluq etməyin yeni metodikasını təklif edir. Onun fikrincə, bunun üçün səyyar (mobil) briqadaların köməyindən istifadə etmək olar:

“Hazırda ölkəmizdə Pensiya Yaşına Çatmış Şəxslər üçün Sosial Xidmət Müəssisələri, və ya xüsusi reabilitasiya mərkəzləri fəaliyyət göstərir. Bu qurumlar bir çox cəhətdən effektiv olsalar da, bəzi çatışmazlıqlar var: “Əvvəla, yaşlı valideynlərini evdən uzaqlaşdırıb hansısa mərkəzdə saxlamaq azərbaycanlıların mentalitetinə uyğun gəlmir. Digər tərəfdən, adətən yaşlı və xəstə insanlar özlərini evdə daha rahat hiss edirlər. Təbii, evdə qulluq səviyyəsi də, qidanın keyfiyyəti daha yüksək olur”.

ATU əməkdaşı bildirir ki, belə təşkilatların saxlanması dövlət büdcəsi üçün yük sayıla bilər. Sonuncu qlobal iqtisadi böhrandan sonra bir sıra ölkələrdə bu istiqamətdə yeni modellər yaranmağa başladı. Bu da ahıl insanlara evdə qulluq göstərmək üçün mütəxəssislərdən ibarət briqadaların yaradılmasıdır.

Ekspert N.Ələkbərova hesab edir ki, Azərbaycanda da kimsəsi ahıl insanlara və xəstə insanlara tibbi xidmətlərin göstərilməsi üçün səyyar mobil briqadaların yaradılması gəlirli sahə ola bilər. Belə briqadalar xüsusilə hərəkət qabiliyyətini itirmiş (müvəqqəti, yaxud ömürlük) şəxslərə münasibətdə xüsusi önəm kəsb edə bilər.

ATU əməkdaşı qeyd edir ki, belə bir xidmət modeli hazırlanarkən bəzi məqamlar diqqətə alınmalıdır. “Məsələn, belə briqadaların işi fiksə edilmiş qiymətlərlə hesablana bilməz. Burada xəstənin ehtiyacı olduğu tibbi prosedurların növü, sayı, onlara sərf ediləcək vaxt, istifadə olunacaq tibbi ləvazimatlar və digər məqamlar nəzərə alınmalıdır. Odur ki, bu modeldə hər xəstəyə fərdi yanaşma ortaya qoyularsa, effektiv iş prosesi yaratmaq mümkün olar”. ATU-nun İctimai fənlər kafedrasının baş müəllimi N.Ələkbərova hesab edir ki, bu model ətraflı müzakirə olunduqdan sonra pilot layihə kimi sınaqdan keçirilə bilər.