“Göstərir, öyrədir, sonra da yoxlayırıq”
Azərbaycan Tibb Universiteti tələbələrinin tədrisi praktik cəhətdən keyfiyyətli şəkildə mənimsəməsi, klinik bacarıqlarını daha da artırması məqsədi ilə Tədris Treninq Mərkəzi fəaliyyət göstərir. Mərkəzə 5 ildən çoxdur ki, tibb üzrə fəlsəfə doktoru, dosent Elmar Şərifov rəhbərlik edir.
E.Şərifov bizimlə söhbətində Mərkəzin fəaliyyəti və tələbələrimiz üçün əhəmiyyətindən söhbət açdı: “Universitetimiz tərəfindən tələbələrimizə bəzi klinik bacarıqların öyrədilməsi üçün 2016-cı ildə proqram tərtib olunmuşdu. Proqram həmin vaxt 1-ci kurslar üçün nəzərdə tutulmuşdu. İllər keçdikcə, proqramın əhatə dairəsi daha da genişləndi, dərslərin sayı çoxaldıldı və klinik bacarıqların sayı artırıldı. Demək olar ki, hər il proqramlarda təkmilləşdirmə işləri aparılıb. Və indi artıq iş o yerə çatıb ki, Müalicə-profilaktika fakültəsini bitirən tələbələr Dövlət Attestasiya Komissiyası tərəfindən təşkil olunan Dövlət İmtahanında klinik bacarıqlardan imtahan verirlər. Əvvəlki illərdə fənlər üzrə - ginekologiya, cərrahiyyə və terapiya üzrə 5 bacarıq müəyyən edilmişdirsə, sonrakı illərdə sayı artırılaraq 10-a çatdırıldı. Bir neçə il idi ki, Mərkəzdə 1-ci kurslarda “İlk tibbi yardımın əsasları” fənnindən bacarıqlar öyrədilir, semestr ərzində 10 bacarıq tədris olunurdu. Amma bu il proqramda yenilənmələr olub”.
Yeniliklərə diqqətimizi çəkən E.Şərifov klinik bacarıqların öyrədilməsinin 1-ci kursla məhdudlaşmadığını, 2-ci kursun tələbələrinə də şamil olunduğunu qeyd etdi. Proqramların Türkiyənin nüfuzlu universitetlərindən hesab olunan Ege Universitetinin proqramına uyğunlaşdırıldığını bildirdi. Onu da qeyd etdi ki, klinik bacarıqlar üzrə dərsləri Ümumi cərrahiyyə kafedrasının əməkdaşları keçir: “Otaqlarımız klinik bacarıqlara uyğun lazımi avadanlıqlara təmin olunub. Eyni zamanda, avadanlıqlarımıza uyğun proqramlar tərtib edilib. Məqsəd budur ki, onlar bir-birini tamamlasın və nəticədə tələbələrimizin qavraması daha da effektli olsun”.
Tədris Treninq Mərkəzinin rəhbəri pandemik şəraitə görə 1-ci kursda təhsil alanlara əllərin dezinfeksiyası, yuyulması, əlcəklərin, steril geyimlərin geyinilməsi, septik və antiseptik qaydalara necə əməl olunması yollarının öyrədildiyini də bildirdi: “Bir semestr ərzində bu istiqamətdə nəzəri biliklər öyrədilir, videoçarxlar nümayiş olunur, bacarıqlar praktik tətbiq edilir. Amma İctimai səhiyyə fakültəsinin 1-ci kurs tələbələri üçün hələ ki köhnə qayda qalır. Dəyişikliklər əsasən Müalicə-profilaktika fakültələri üçün edilib. 2-ci kursda isə 1-ci semestr boyu “Təməl həyat dəstəyi” adlı bir prosedur həyata keçirilir. Bu, dünyada qəbul olunmuş bir prosedurdur. Bu prosedurda zərərçəkənlərə ilkin tibbi yardım göstərilir. Ürək dayanıb və ya tənəffüs yolları tutulubsa, zərərçəkənə necə yardım olunması göstərilir”.
E.Şərifovun sözlərinə görə, ürəyin qapalı masajı, süni tənəffüsün verilməsi, onun adekvatlığının yoxlanılması, təcili yardımın çağırılması, təcili yardım gələnədək xəstəyə dəstəkləyici tədbirlərin göstərilməsi proqramı 2-ci kurs tələbələri üçün nəzərdə tutulub: “Nəzəri qaydalar, videoçarxlar və əyani multimedia vasitələri ilə nümayişlərin ardınca öyrədilənlər praktik vərdiş halında hər bir tələbə tərəfindən təkrarlanır və onun qiymətləndirilməsi, tələbələrdə biliyin necə qavranılmasının müqayisəsi aparılır. İmkanlarımız 5 dərs otağına çatır. Qruplarımız artıq tam şəkildə, klassik qaydada treninqlərdə iştirak edir. Yuxarı kursların tələbələri də klinik bacarıqları öyrənmək üçün gəlirlər. Hər birinin özünəməxsus proqramı var. 3-cü kurs tələbələri Ümumi cərrahiyyə fənni üzrə klinik bacarıqları öyrənməyə gəlirlər. Mərkəzdə, həmçinin 3-cü kurs tələbələrinə tikişlərin qoyulması, sökülməsi, kəsiyin aparılması, cərrahi düyünlərin qoyulması, növləri, əzələdaxili, venadaxili inyeksiyaların texnologiyaları izah edilir. Prosedurlar klinik protokollar əsasında aparılır. 4-cü və 5-ci kurs tələbələrinə isə, təkcə cərrahi deyil, həm də mamalıq və ginekologiya vərdişləri öyrədilir. Dərs cədvəlləri tutulub, hər bir qrupun Mərkəzdə dərs keçmə vaxtı fiksiya olunub. Cədvəllər kafedralara paylanır, cədvələ uyğun olaraq qruplar iştirak edir və onlara klinik bacarıqlar öyrədilir”.
E.Şərifov Mərkəzdəki müasir avadanlıqlardan da söz açdı, onların funksiyaları barədə məlumat verdi. Həmin avadanlıqlar vasitəsilə tələbələrimizə əl vərdişlərinin öyrədildiyini qeyd etdi: “Burada tələbələrə laparaskopla necə davranmağın incəlikləri izah edilir və onlarda vərdiş halına gətirilir. Yəni müxtəlif əşyalar monitorlar vasitəsi ilə müşayiət edilməklə götürülür, tikiş qoyulur, göz koordinasiyalarına uyğunlaşdırılır”.
Çatışmazlıqlar haqda danışan Mərkəzin rəhbəri təlimlər üçün otaqların sayının az olduğunu bildirdi: “Biz istərdik ki, otaqlarımızın sayı çox olsun, hər qrupun bacarıq saatlarının sayını çoxalda bilək. Saatlarımızın sayı çox olsa, daha çox effektini görə bilərik. Otaq sarıdan problemimiz olduğundan, dərs saatlarını tənzimləmək bizə çətinlik yaradır. Eləcə də, avadanlıqlarımız da azdır. Təsəvvür edin, Müalicə-profilaktika fakültələrində 600-ə yaxın, bir kursda isə 60 qrup var. Bir neçə avadanlıq və 6-7 otaqla təlimləri həyata keçirmək, tənzimləmə işlərini aparmaq elə də asan olmur. Düzdür, bütün qruplara maksimum bərabər şərait yaradır, təlimlərin həyata keçirilməsi üçün əlimizdən gələni edirik. Amma çox istərdik ki, gələcəkdə avadanlıq və otaqlarımızın sayı artırılsın”.