Turqut Xəlilbəyli həyatı bahasına olsa da, həkim peşəsinə sədaqət andını pozmadı

Şəhid məzunlarımız

 

Torpağı Vətən edən gülərüz oğlan

Turqut Xəlilbəyli həyatı bahasına olsa da, həkim peşəsinə sədaqət andını pozmadı

 

“Turqut şəhid olandan sonra qohum-əqrəbadan, dost-tanışlardan mənə irad tutanlar oldu ki, sən niyə ona imkan verdin, ön cəbhəyə getdi. Əgər onu danlasaydın, mane olsaydın, korpus komandirinə ərizə yazmağına imkan verməsəydin, arxa cəbhədə qalar, xidmət edər, şəhid olmazdı. Mən onların bu fikirlərini təəccüblə qarşıladım. Mənə məsləhət verənlərə sözüm o oldu ki, Turqut nə qəbahətli iş görmüşdü ki, onu danlayam, mane olaydım. Torpaqlarımızı yağı düşmənin tapdağından azad etmək, Vətənin müdafiəsinə qalxmaq nə vaxtdan qəbahət hesab olunub ki, onu bu yoldan çəkindirəydim... İşğal olunmuş torpaqları heç kim ovcunun içərisində gətirib bizə verəsi deyildi. Vətən tək mənim, Turqutun Vətəni deyil, hamımızın Vətənidir.  Müharibə isə şəhidsiz olmur. Turqutun tutduğu və getdiyi yol müqəddəs və fəxr olunmalı bir yoldur. Bu yolun sonu oğlum üçün şəhidlik zirvəsinə ucalmaqla nəticələndi”.

Ürəkləri dağlayan bu sözləri Vətən müharibəsində yaralıların həyatını xilas edərkən döyüş meydanında şəhid olmuş ilk hərbi həkim, leytenant Turqut Xəlilbəylinin atası Nadir Hüseynovdan eşidirik. Onu həyəcansız, sakit dinləmək mümkün deyil. Sözlərindən, danışığından Vətənə olan sonsuz sevgini aşkar hiss edirsən. Və dərhal da fikirləşirsən ki, Vətənə bu hisslərlə, bu sevgi ilə yanaşan bir kişinin oğlu da onun kimi olmalı idi...

Şəhid atasının səsindəki kövrəklik mənə də keçir. Araya çökən sükutdan sonra məchul bir nöqtəyə gözlərini zilləyib, titrək səslə söhbətinə davam edir: “Turqut uşaqlıqdan çox mehriban, ünsiyyətcil idi. Onu tanıyanlar, onunla münasibətdə olanlar xətrini çox istəyirdi. Hələ uşaq vaxtından hərbçi olmaq könlündən keçirdi. Anası isə onu həkim görmək istəyirdi. Anasının xətrinə də dəymək istəmirdi. Buna görə ixtisas seçməkdə çətinlik çəkirdi. Nə etsin ki, anasının da xətri xoş olsun.

Çingiz adlı bir yaxın qohumumuz var. O da hərbi həkim idi. Turqutun hərbçi olmaq arzusunu bilincə, məsləhət gördü ki, hərbi həkim olsun. Həm öz arzusunu, həm də anasının arzusunu həyata keçirsin. Turqut bu məsləhəti böyük həvəslə qəbul etdi. Şərur Türk Liseyini bitirən kimi, 2010-cu ildə imtahan verərək Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə daxil oldu. Beyləqandakı hərbi hissələrin birində tibb məntəqəsinin rəisi idi. Müharibə başlayan ilk gündən komandirindən xahiş edib ki, onu ön cəbhəyə göndərsin. Amma komandiri razı olmayıb. Deyib ki, sən arxa cəbhədə - hospitalda bizə lazımsan. Turqut isə komandiri ilə razılaşmayıb. Deyib ki, arxa cəbhə üçün kifayət qədər həkimlərimiz var. Mən elə ön cəbhədə lazımam, Vətənimizin belə ağır günündə arxa cəbhədə qala bilmərəm. Korpus komandirinə ərizə yazandan sonra ona ön cəbhədə xidmət etməyə icazə verilib. Döyüş bölgəsindən xeyli yaralı çıxarıb, əsgərlərimizin həyatını xilas edib. Yaralılardan birini xilas etməyə çalışarkən görüb ki, onu yenidən vururlar, özünü yaralının üstünə ataraq həyatını xilas edib. Özü isə şəhid olub”. 

 

“Halallığı məndən yox, Vətəndən alsın”

 

Nadir Hüseynov deyir ki, Turqutun 40 mərasiminə sonuncu dəfə xilas etdiyi qazinin atası gəlibmiş: “Bildirdi ki, oğlu hospitalda müalicə alır. Sağalandan sonra yanınıza gəlmək, sizdən halallıq almaq istəyir. Mən buna qətiyyən razı olmadım. Dedim ki, oğlunun bizə gəlməyinə bir söz demirəm, amma halallıq almaq məqsədi ilə gəlirsə, gəlməsin. Çünki mənim oğlum sənin oğlun üçün yox, Vətənimiz, millətimiz, xalqımız naminə şəhid olub. Halallıq almaq istəyirsə, getsin Vətəndən alsın. Turqutun həyatlarını xilas etdiyi başqa yaralılar da bizə gəlmək, halallıq almaq istəyirdi. Mən onlara da eyni sözü dedim”.

Atasının sözlərinə görə, Turqutun ən böyük arzularından biri rezidenturanı oxuyub, yaxşı hərbi həkim olmaq idi: “İşi ilə bağlı heç nə danışmazdı. Müharibədə olduğunu da bizdən gizlətdi. Demədi, müharibədəyəm. O heç vaxt nə bizi incitdi, nə də narahat etdi. Heç vaxt razı olmurdu ki, biz onunla bağlı nədəsə narahatlıq keçirək. Amma özümüzdən asılı olmadan onun hərbçi dostlarını görəndə, yadımıza düşür, yoxluğu ilə barışa bilmirik. Anası Almaz xanım daha çox narahatlıq keçirir. Bizə dostları gələndə, onların içərisində Turqutu axtarır. Boylanıb onlara tərəf baxır, elə bilir, oğlu da onların arasındadır. Amma dərk edəndə ki Turqutu bir daha görməyəcək, çox pis olur. Bunu bilən dostları, hiss edirəm ki, bizə gələndə ehtiyatla davranırlar”.

 

“Əli ilə açdığı bayrağımıza cənazəsi büküldü”

 

Toğrulun həmişə məsləhətlərinə qulaq asdığı yaxın qohumu Çingiz Məmmədov da onunla bağlı xatirələrindən söhbət açır: “Mən ehtiyatda olan tibb xidməti polkovniki-leytenantıyam. Turqut Tibb Universitetində oxuyanda bizim evdə qalırdı. Onun hərbi həkim olmasının səbəbkarı mən olmuşam. Həmişə mənə baxıb deyirdi ki, Çingiz əmi, mən sizin davamçınız olacağam. Atası da, özü də üçrəngli bayrağımızı çox sevirdi. Biz oktyabrın 4-ü cəbhə bölgəsinə yardım aparmışdıq. Atası Nadir də bizimlə getmişdi. Onun cəbhə bölgəsinə keçməsi üçün sürücü kimi icazə almışdım. Orada Turqutla görüşdük. Axırıncı görüşümüz elə o oldu. Getdiyimiz avtomobilin üzərinə Azərbaycanla Türkiyənin bayraqlarını bərkitmişdik. Komandir yaxınlaşıb dedi ki, ermənilər uzaqdan bayrağı görüb, avtomobili vura bilər. Xahiş etdi ki, bayraqları açaq. Turqut cəld bayraqları çıxardı və avtomobilə qoyduq. Hərbi hissədən uzaqlaşandan sonra bayraqları yenidən avtomobilə bağladıq. Bakıya çatanda Turqutun atası bayraqları götürüb evlərinə apardı. Qismət elə gətirdi ki, Turqut şəhid olandan sonra cənazəsi əlləri ilə açdığı, özünün toxunduğu bayrağımıza büküldü. Bu gün həmin bayraqlar onların evində divardan asılıb. Bu ailənin bayrağımıza çox böyük sevgisi var.

Turqut mənim övladlarımın biri idi. İki övladım da hazırda Tibb Universitetində təhsil alır. Mən Turqutu onlardan seçmirdim. Biz Turqutun şəhid olmasına heyfsilənmirik. Onunla fəxr edirik, həmişə edəcəyik də. O, Vətən yolunda, Bayraq yolunda şəhid oldu. Nə qədər çətin olsa da, bir o qədər şərəflidir ki, biz bu gün Turqut haqqında danışırıq.

Komandiri ilə söhbətimiz zamanı dedi ki, müharibə başlayanda Turqutu hərbi hissədə 3 gün ancaq saxlaya bildim. Ön cəbhəyə getdi və onlarla yaralının həyatını xilas etdi. Turqut Cəbrayılda, Dostluq bulağı deyilən yerdə şəhid olub. Döyüş meydanından xeyli yaralı çıxarıb. Uzaq məsafədə bir yaralı görüb. Qızğın döyüşlər gedirmiş. Ona həmin əraziyə girməməyi məsləhət görsələr də, qulaq asmayıb. Yaralının düşmən hədəfində olduğunu görüb, özünü üzərinə atıb. Onun həyatını xilas edib, özü isə şəhid olub.

Hazırda ailəsinin yaşadığı küçə Turqutun adını daşıyır. Hərbi tibb fakültəsinin kitabxanasına adı verilib, xatirəsinə bulaq inşa edilib, park salınıb. Bunlar öz yerində. Onun adının əbədiləşdirilməsi üçün parklar salına, heykəli ucaldıla bilər. Amma əsas heykəli bizim ürəyimizdə, qəlbimizdədir”.

 

“Evimizdə qonaq kimi, cəmi iki gün oldu”

 

Qardaşı Xəlil Xəlilbəyli onun haqqında danışarkən ilk sözü “Turqut yaxşı qardaş idi” – olur: “Onunla 6-cı sinfə kimi bir yerdə olmuş, bir yerdə oynamışıq. 6-cı sinifdə isə Şərur Türk Liseyinə qəbul oldu. İstər orta məktəbdə, istərsə də liseydə əla qiymətlərlə oxuyurdu. Nizam-intizamlı idi. Liseydə oxuduğu vaxtlar isə onunla yalnız həftəsonları görüşürdük və gec görüşdüyümüz üçün darıxırdım. Hərbi tibb fakültəsinə qəbul olanda da Bakıya gəldi. Yenə də ailəmizdən, məndən uzaq düşdü, darıxdım. Sonra biz Naxçıvandan Bakıya köçdük. Yenə bir yerdə olmadıq. Tale elə gətirdi, onu Bakıdan uzağa, Beyləqana xidmətə göndərdilər. Az-az görüşürdük. O, Bakıdakı evimizdə qonaq kimi, cəmi iki gün olub. Sanki Tanrı onu bizdən uzaqlaşdırmaqla, yoxluğuna öyrəşdirirmiş...

Tibbə aid kitablar, bədii əsərlər oxuyar, idmanla məşğul olmağı sevərdi. Evlənməsi ilə bağlı söhbət düşəndə, zarafata salar, qız tapmağı anamın boynuna atardı. Şəhid olduğunu oktyabrın 7-si axşam bilmişəm. O zaman hansı hisslər keçirdiyimi ifadə edə bilmirəm...”

Qorxmazlığı və cəldliyinə görə döyüş yoldaşlarının “əfsanəvi həkim” adlandırdığı Turqutun şəhidlik zirvəsinə yüksəlməsindən bir il ötdü. Məzarı Bakıda, II Şəhidlər Xiyabanındadır. Ölümündən sonra Prezident İlham Əliyevin sərəncamına əsasən, “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, Füzuli və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif olunub. Xidmət etdiyi hərbi hissədə şəhid polkovnik Şükür Həmidov, əsgər Elnur Vəliyevlə birgə Turqut Xəlilbəylinin də xatirəsi əbədiləşdirilib.

Allah cəsur və gülərüz Vətən oğluna rəhmət eləsin!