ATU-da imtahanlar başladı
İyunun 2-dən etibarən Azərbaycan Tibb Universitetində yay imtahan sessiyasına start verilib. ATU-nun rektoru, millət vəkili, akademik Əhliman Əmiraslanovun 4 aprel 2014-cü il 171T saylı əmrinə əsasən, imtahanlar bir ay ərzində davam edəcək.
Qeyd edək ki, artıq üç ildir ki, Tibb Universitetində imtahanlar obyektivliyin tam qorunması məqsədilə test üsulu ilə, kompüterlər vasitəsilə aparılır. İmtahan şərtlərinə görə, tələbələr 1 saat ərzində 50 sualı cavablandırmalıdırlar. İmtahan zamanı yığıla biləcək ən yüksək bal 50-dir. Belə ki, hər sual bir balla qiymətləndirilir. İmtahanlar zamanı Virtual Test Mərkəzində 220 kompüter tələbələrin ixtiyarına verilir. Gün ərzində bu mərkəzdə 1500-1600 tələbənin imtahan verməsi mümkündür. Hər tələbə öz kodu ilə sistemə daxil olaraq sualları cavablandırır və sonda imtahan nəticəsini görərək zalı tərk edir. İmtahanların gedişi müşahidə kameraları və imtahanlara nəzarət qrupunun əməkdaşları tərəfindən nəzarət olunur.
Bu gün artıq ATU-nun Virtual Test Mərkəzində bəzi fakültələrin tələbələri ilk sınaqdan keçiblər. Qeyd edək ki, ilkin olaraq I və II müalicə-profilaktika, stomatologiya fakültələrinin tələbələri imtahan verib.
Rektor Ə.Əmiraslanov mərkəzə baş çəkib, imtahanların gedişi ilə maraqlanıb. O, imtahan komissiyasının üzvləri, imtahan nəzarətçiləri ilə görüşərək prosesin gedişi, tələbələr üçün yaradılan şəraitlə tanış olub. Tələbələr imtahanların test üsulu ilə, kompüterlərlə aparılmasını və imtahan şəraitini bəyəndiklərini söylədilər.