ATU-nun Tədris Cərrahiyyə Klinikası müharibə günlərində

Heç kəsə sirr deyil ki, sentyabrın 27-də Azərbaycan Ordusunun işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatının möhtəşəm qələbəmizlə nəticələnməsini şərtləndirən əsas amillər milli birliyimiz, hərbçilərimizin qəhrəmanlığı, eləcə də tibb işçilərinin fədakarlığı idi. O ağır günlərdə gecəsini gündüzə qatan, ailələrindən uzaqda qalan həkimlərimizin, tibbi personalın əvəzsiz xidmətlərini sözlə ifadə etmək çox çətindir. Müharibənin ilk günlərindən ölkəmizin tibb müəssisələri sözün əsl mənasında insanların ümid yerinə çevrilmişdi.

Belə tibb müəssisələrindən biri də ATU-nun Tədris Cərrahiyyə Klinikası idi. Klinikanın baş həkimi, professor Ramiz Poluxov o günləri belə xatırlayır: “Müharibə başlayan kimi, təcili klinikaya gəldim. Universitetimizin rektoru, professor Gəray Gəraybəyli tapşırıq vermişdi ki, tibbi personalı bir yerə toplayıb imkanlarımızı nəzərdən keçirək. Onu da deyim ki, həmin vaxta qədər klinikamız 6 ay gecə-gündüz koronoviruslu xəstələrlə işləmişdi. Koronoviruslu xəstələrdən sonra öz profilimiz üzrə işləmək üçün klinikada kosmetitk təmir işləri görülmüş, avadanlıqlar saz vəziyyətə gətirilmişdi. Qısa müddətdə bütün standartlarımızı hospital şəraitinə uyğunlaşdırdıq. Günorta radələrində rektor özü də gəlib tibbi personalla görüşdü, qarşıda duran vəzifələri diqqətə çatdırdı. Sonra şöbələri bir-bir gəzərək ümumi hazırlığımızın vəziyyətini yoxladıq. Şəraitin müharibə dövrünün tələblərinə uyğunlaşdırıldığına əmin olaraq, Müdafiə Nazirliyinə məlumat verdik ki, klinika yaralı əsgərlərimizi qəbul etməyə hazırdır”.

R.Poluxov deyir ki, müharibə günlərində əməkdaşlar klinikada çalışmaqla yanaşı, mütəmadi olaraq ön cəbhəyə də yollanırdılar: “Professorlarımız, ixtisaslı cərrahlarımız, o cümlədən neyrocərrahlar, travmatoloqlar, göz mütəxəssisləri, abdominal cərrahlar, kardiocərrahlar artıq bolgələrdə işləyirdi. Onlarla müntəzəm əlaqə saxladığımızdan, döyüşçülərimizin daha çox hansı nahiyələrdən yara alması haqda məlumatlı idik: “Sentyabrın 29-dan başlayaraq Müdafiə Nazirliyinin razılığı ilə Mərkəzi Hospitalda yerləşdirilmiş ən ağır yaralıların bir qismini Tədris Cərrahiyyə Klinikasına köçürdük. Daha çox üz nahiyəsinin, hər iki gözün yaralanmalarına, çənənin ciddi defektinə, damar, beyin zədələnmələrinə rast gəlirdik. Bizə konsultasiya üçün müraciət edən xəstələrin hamısını klinikada yerləşdirirdik. Çünki bu cür xəstələr üzərində uzun müddətli rekonstruktiv müalicələr aparmağa ehtiyac vardı. Professorlar Çingiz Rəhimov, Nuru Bayramov, Elçin Ağayev, dosentlər Cəfər Nəsirli, Fariz Camalov, assistent Qurban İsmayılov, plastik cərrah Adil Cümşüdov və adlarını çəkmədiyim nə qədər əməkdaşımız müharibə günlərində böyük fədakarlıq göstərdilər”.

Baş həkimin sözlərinə görə, klinikanın ən böyük üstünlüyü odur ki, burada bütün sahələr üzrə mütəxəssislər çalışır: “Ona görə də müştərək travmalı yaralıların müalicəsini yüksək səviyyədə apara bildik. Bölgələrdən ətrafın amputasiyasına göstəriş olan xəstələri bizə yönəltdilər və bir neçə qazimizin ətrafını saxlamağı bacardıq. Qarın ön divarının böyük yaralanmaları zamanı dəri plastikasına qədər bütün əməliyyatları uğurla icra etdik”.

O təkcə həkimlərin yox, orta və kiçik tibbi personalın da var gücü ilə çalışdığını, onların əsgər və zabitlərimizin qulluğunda öz doğmaları kimi dayandıqlarını, prosesə ümumilikdə 300-ə yaxın klinika əməkdaşının qoşulduğunu vurğulayır: “Müharibə dövründə klinikamız tam gücü ilə işlədi. Hərbi yaralılarla yanaşı, mülki yaralılara da yüksək səviyyəli tibbi yardım göstərdik. Gəncə, Naftalan, Füzuli, Tərtər, Ağdam, Ağcabədi kimi qaynar bölgələrə ezam olunan əməkdaşlarımızın göstərdiyi ilkin adekvat yardımları klinika şəraitində aparılan əməliyyatların uğurla nəticələnməsində mühüm rol oynadı. Bundan əlavə, reanimatoqlardan ibarət briqadamız Mərkəzi Hospitala ezam olunmuşdu”.

Xatırladaq ki, müharibə günlərində və ondan sonra klinikada 600-ə yaxın qazi müalicə alıb, onlardan 4 nəfəri şəhid olub. Tibbi heyət yaralılara yalnız klinika daxilində xidmət göstərməklə kifayətlənməyib. 15 nəfər cəbhə bölgəsində könüllü fəaliyyət göstərib, 7 nəfər isə qaynar nöqtələrə ezam olunub. Həkimlərin bir qrupu Müdafiə Nazirliyinin Fəxri fərmanlarına layiq görülüb. 

Klinikanın kollektivi Şuşanın işğaldan azad olunmasının sevincini də qazilərimizlə birgə yaşayıb. Bu gün də onların sağlamlıqlarının bərpası diqqət mərkəzindədir. Klinikanın əməkdaşları Vətən müharibəsində göstərdikləri fəaliyyəti böyük zəfərimizin qazanılmasına kiçik bir töhfə kimi qiymətləndirir, bunu özlərinin vətəndaşlıq borcu hesab edirlər.