Tibb təhsilində islahatlar mövzusunda təlim keçirildi
4 iyun 2014 il tarixində ATU-nun TTK-nın Məlumat Mərkəzində müəllimlər üçün "Tibb təhsilində islahatlar" mövzusunda təlim keçirildi. Tədbirin əvvəlində giriş sözü ilə Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri dos. Rəhimə Qabulova və Tədris Metodik və İnnovasiyalar şöbəsinin müdiri prof A.Qurbanov çıxış edərək son illər Azərbaycan Tibb universitetində tibb təhsili sahəsində həyata keçirilən innovasiyalar və həmçinin bu işə dəstək olan MUMEENA layihəsi çərçivəsində aparılan işlər barədə məlumat verildi.
Təlimdə Daxili xəstəliklər kafedrasının dosenti İ.Əfəndiyev CBCR (Case Based Clinical Reasoning) - klinik təfəkkürün inkişaf etdirilməsi metodikası haqda həmkarları qarşısında geniş çıxış etmiş, metodikanın yaranma və təşəkkül tarixi, mahiyyəti və tibb təhsilində yeri barədə məlumat vermişdir. Digər məruzəçi, Cərrahi xəstəliklər kafedrasının dosenti N.Zeynalov CBCR və PBL (problemə əsaslanan öyrənmə) metodikalarınin müqayisəli xarakteristikasından, onların ATU-da pilot qruplarda tətbiqi təcrübəsindən söz açdı.
Tədbirdə həmçinin MUMEENA layihəsinin dəstəyi ilə ərsəyə gətirilmiş"Müasir tibb təhsilinin əsasları" və "Klinik təfəkkürün inkişaf etdirilməsi" tədris-metodik vəsaitlərinin təqdimat mərasimi də olmuşdur. Təlimin sonunda məruzəçilər həmkarlarının suallarını cavablandırdılar.
Təlimlər 3 gün müddətində digər kafedraların əməkdaşlarının da cəlb olunması ilə davam edəcək.