Dekabrın 11-də ATU-nun İdman Kompleksində Azərbaycan Tibb Universitetinin 90 illik yubileyinə həsr olunmuş fakültələrarası idman yarışlarına start verilib.
Yarışlardan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bundan sonra açılış nitqində iştirakçılara uğurlar arzulayan ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elvin Kərimli bildirib ki, bu yarışlar universitetimizin 90 illik yubileyi münasibətilə keçirilən tədbirlər planına salınmışdı. Lakin dünyanı bürüyən məlum pandemiya səbəbindən indi baş tutur.
“Təbib” idman klubunun sədri, Əməkdar məşqçi Qələndər Aslanov qeyd edib ki, yarışlar xüsusi təsdiq olumuş Əsasnaməyə uyğun keçirilir: “Burada yarışların keçirilməsinin məqsəd və vəzifələri, keçirilmə yeri və tarixi, hansı idman növlərini əhatə edəcəyi siyahıda ardıcıllıqla göstərilib. Stritbol (basketbol), voleybol, stolüstü tennis, badminton, futzal və şahmat növləri üzrə keçirilən yarışlara ATU-nun bütün fakültələrindən həvəskar tələbələr və rezidentlər qatılıb”.
Proqramda müəyyən edilmiş qaydalardan da danışan klubun sədri vurğulayıb ki, bu gün keçirilən yarışlar voleybol, stritbol, badminton və şahmat (qızlar) üzrə universitetin 6 fakültəsindən seçilmiş 95 iştirakçı arasında baş tutub.
Yarışların sonunda mükafatlandırma mərasimi olub. Dekanların da iştirak etdiyi mərasimdə şahmat (qızlararası) üzrə II Müalicə profilaktika fakültəsinin (MPF) tələbələri Hicran Elyanura I, Fatimə Məmmədova II, Zərifə Abdullayeva və Çinarə Quliyeva isə III yerlərin sahibləri kimi mükafatlandırılıblar. Fakültələr arasında da qaliblər müəyyənləşdirilib. Belə ki, badminton üzrə II MPF I, I MPF II, Əczaçılıq və İctimai səhiyyə fakültələri isə III yerləri tutublar. Stritbol (basketbol) üzrə Stomatologiya fakültəsi I, I MPF II, II MPF və Hərbi tibb fakültəsi (HTF) isə III yerlərsahibləniblər. Voleybol üzrə Stomatologiya fakültəsi I, HTF II, I MPF və Əczaçılıq fakültələri isə III yerə layiq görülüblər.
Məlumat üçün bildirək ki, fakültələrarası stolüstü tennis, futzal və şahmat (oğlanlararası) üzrə yarışlar dekabrın 18-də keçiriləcək.