Tələbələr üçün CBCR metodikası üzrə təlimlər keçirilib
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında MUMEENA layihəsi çərçivəsində müxtəlif kurs tələbələri üçün CBCR (Klinik təfəkkürün inkişaf etdirilməsi) metodikası üzrə təlim baş tutub. İngilis dilində keçirilən tədbirdə layihənin ATU üzrə koordinatoru, Beynəlxalq əlaqələr şöbəsinin müdiri dos.Rəhimə Qabulova, Cərrahi xəstəliklər kafedrasının dosenti Nadir Zeynalov iştirak ediblər.
Təlim zamanı tələbələrə MUMEENA layihəsi haqda, o cümlədən Klinik təfəkkürün inkişaf etdirilməsi tədris üsulu haqqında geniş məlumat verilib, proqram çərçivəsində həyata keçirilən innovativ təşəbbüslərdən bəhs olunub. Pilot qruplarda bu metodika ilə təlim görmüş tələbələr üsulun müsbət tərəfləri haqda öz fikirlərini paylaşıblar. İştirakçılara xüsusi anketlər paylanılıb, onlar arasında rəy sorğusu aparılıb. Tələbələrin tədris prosesinə aktiv cəlb olunması yekdilliklə müsbət qiymətləndirilib, bu cür yanaşmanın onların tədrisdə məsuliyyətinin artırılmasına səbəb olacağı bildirilib.
Qeyd edək ki, iyunun 27-də Niderlandın Utrext universitetinin professoru J.T.TenCate layihə çərçivəsində ATU-nun Tədris Terapevtik Klinikasında tələbələr üçün nümunəvi dərs keçəcək.