Artıq 2 həftədir ki, Ümumdünya Səhiyyə Təşkilatının və Səhiyyə Nazirliyinin dəstəyi ilə “Təlimçilərin təlimi” layihəsi çərçivəsində ATU-da təlimlər keçirilir. Bu gün baş tutan təlimlərdə “COVID -19 xəstələrinin stasionarda idarə olunması”, “BLS-Təməl həyat dəstəyi”, “COVID-19 vaksinasiyası” və digər mövzular əhatə olunub. Poliklinika şəraiti yaradılmış otaqlarda tələbələrin iştirakı ilə mulyajlar üzərində tibbi prosedurlar icra edilib. Eyni zamanda yaşam dəstəyi və vaksinasiya prosesi ilə bağlı məlumatlar verilib.
Təlimlərin gedişini izləyən ATU-nun Tədris və təhsildə keyfiyyət təminatı şöbəsinin müdiri, dosent Samir Cavadov 2020-ci ildə universitetdə ayrı-ayrı ixtisaslar üzrə Təhsil proqramlarının dəyişdirildiyini bildirib. Onun sözlərinə görə, bu dəyişikliklər ölkə başçısının 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilir: “Proqramlarımız bir çox qabaqcıl xarici universitetlərin, o cümlədən Türkiyə universitetlərinin proqramlarına uyğunlaşdırılmışdır. İndiyədək bizdə tədris olunmayan fənlər proqrama daxil edilib. Bu fənlərdən biri də klinik bacarıqlar fənnidir ki, onun tədrisi üçün müəllimlərin özlərinin təlim keçməsinə ehtiyac yaranmışdır. Bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatının və Səhiyyə Nazirliyinin dəstəyi ilə ATU-da da “Təlimçilərin təlimi” layihəsi həyata keçirilməyə başladı”.
S.Cavadov qeyd edib ki, əsas hədəflərdən biri də başlanan prosesin davamlılığına nail olmaq idi: “Çünki tibb sahəsi nəinki gündəlik, hətta hər saat yenilənən, dəyişən bir sahədir. Bu dəyişikliyə uyğunlaşmaq üçün yeniliklərin vaxtında müəllimlərə çatdırılmasına zərurət vardı. Buna görə də Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəylinin tövsiyəsi və elmi şuranın qərarı ilə təlim mərkəzi yaradılıb. Məqsəd tələbələrə praktik vərdişləri aşılamaq, klinik fənlərə keçid etdikdə onların asanlıqla xəstələrin müayinəsinə cəlb edilməsinə nail olmaqdır”.
Təlim mərkəzində həm də müəllimlərin pedaqoji yönümdən öz peşəkarlıqlarını artırdığını vurğulayan S.Cavadov, bu məqsədlə təlimçilərin hazırlandığını deyib: “Türkiyədən dəvət olunmuş Tibb təhsili üzrə mütəxəssislərin köməyi ilə bir qrup müəllimlərdən ibarət təlimçilər hazırlanır ki, bir müddət sonra onlar da digər kafedralar üzrə müəllimlərə təlim verərək prosesi irəli aparacaqlar”.
Bu təlimlərdə Türkiyənin Ege universitetinin Tibb fakültəsinin Tibb təhsili kafedrasının müdiri, professor Xalil İbrahim Durak başda olmaqla qardaş ölkənin müxtəlif universitetlərindən gələn müəllimlər də yaxından iştirak ediblər.
Təlimlərə qatılan Hacettepe Universitetinin Tibb fakültəsinin Tibb təhsili kafedrasının professoru, Dr.Sevgi Turan, Ege Universitetinin Tibb fakültəsinin Tibb təhsili kafedrasının dosenti, Dr.Nilufer Demiral Yılmaz, On Dokuz Mayıs Universitetinin Tibb fakültəsinin Tibb təhsili kafedrasının dosenti, Dr.Özlem Mıdık, Dokuz Eylül Universitetinin Hemşirelik fakültəsinin Cərrahi xəstəliklər kafedrasının dosenti, Dr.Fatma Vural fənlərin tədrisi, klinik bacarığın öyrədilməsi, ölçmə-dəyərləndirmə və s. məsələləri şərh edərək, bu sahədə çalışan müəllimlərə işlərini qurmaları üçün dəyərli məsləhətlər veriblər.
Təlimlərdən ATU-nun yuxarı kurs tələbələri də faydalanıblar.
Qeyd edək ki, təlim zamanı video çəkilişlər aparılır və bir gün sonra təlimçilərin tədrisi necə aparması, çatışmazlıqlar və üstünlüklər müzakirə olunur.