Tibb Universiteti İstanbul Bilim Universiteti ilə memorandum imzaladı
Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Cərrahiyyə Klinikasında Endoskopik və Robotik Cərrahiyyəyə həsr olunmuş konfrans keçirilib. Tədbirdə ATU rektoru, akademik Əhliman Əmiraslanov, Türkiyənin tanınmış cərrahları, beynəlxalq mütəxəssislər iştirak edirdilər.
Konfransın açılışında çıxış edən millət vəkili Ə.Əmiraslanov müasir tibb elmində endoskopik və robotik cərrahiyyənin xüsusi önəm daşıdığını bildirdi. Akademikin sözlərinə görə, hazırda Azərbaycanda müasir cərrahiyyənin yüksək texnologiyalı istiqamətlərindən biri olan endocərrahi əməliyyatlar aparılır. Rektor vurğuladı ki, ATU-nun Cərrahiyyə Klinikasında belə əməliyyatların keçirilməsi üçün hər cür avadanlıq var.
İstanbul Bilim Universitetinin rektoru Çavlan Çiftçi Türkiyədə endoskopik və robotik cərrahiyyə sahəsində qazanılan uğurlardan danışdı və çıxışını video təqdimatla yekunlaşdırdı. "Florance Nightingale" xəstəxanalar qrupunun baş həkimi Sinan Aran bu sahədə praktikada üzləşdikləri hallar haqqında məlumat verdi.
Açılış nitqlərindən sonra Azərbaycan Tibb Universiteti və İstanbul Bilim Universitetləri arasında qarşılıqlı əməkdaşlıq protokolu imzalandı.
Konfransda Baku City Hospitalın rəhbəri pr. Surxay Hadıyev "Qaraciyər sirrozu fonunda laparoskopik xolesistektomiya", türkiyəli prof. İlkkan Dünder "Ginekologiya və ginekoloji onkologiyada robotik cərrahiyyənin yeri" mövzusunda məruzə ilə çıxış etdilər. Konfransın gedişində həmçinin "Laparoskopik Kolorektal Cərrahiyyə", "Ağciyər xərçənglərində minimal invazif cərrahiyyə", "Neyroonkoloji xəstəliklərdə yeni texnologiya və metodlar" və digər mövzular üzrə müzakirələr aparıldı.
Qeyd edək ki, konfrans Tibb Universiteti, İstanbul Bilim Universiteti, "Florance Nightingale" xəstəxanalar qrupu və Baku City Hospitalın təşkilatçılığı ilə keçirilib.