“500 əməliyyat keçirmişik, ağırlaşma və ölüm halları olmayıb”

Professor Xaləddin Musayev: Koloproktoloji xəstəlikləri gizlətmək yox, vaxtında həkimə müraciət etmək lazımdır

 

Son zamanlar koloproktoloji xəstəliklərdən əziyyət çəkənlərin sayı artmaqdadır. Araşdırmalar göstərir ki, ölkəmizdə bu cür xəstələr əksər hallarda zamanında koloproktoloqlara müraciət etmir və müayinə olunmurlar. Sonradan ağırlaşmış formada həkimlərə üz tutur, onlardan çarə istəyirlər. Bu zaman isə adətən müalicənin nəticəsi olmur və cərrahi müdaxilə zərurəti yaranır.

Koloproktoloji xəstəliklərin yaranma səbəbi, ən çox yayılan növləri, müayinə üsulları və bu kimi suallara cavab almaq üçün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının 2-ci Cərrahi xəstəliklər şöbəsinin müdiri, professor Xaləddin Musayevin fikirlərini öyrəndik.

Professor söhbətimiz zamanı cərrahi xəstəliklərin sayında artımın müşahidə olunduğunu qeyd etdi, Cərrahiyyə Klinikasına müraciət edən xəstələrin 60-70 faizinin ağırlaşmış formada gəldiklərini bildirdi: “Gec müraciət etdikləri üçün edilmiş tibbi yardımın bəzən xeyri olmur. Bəzən isə xəstələr telekanallarda reklam olunan dərman preparatları ilə özlərini “müalicə edirlər”. Əksər hallarda da bunun müsbət nəticəsini görmürlər.  Ona görə xəstələrə müalicə zamanı reklam arxasınca düşməməyi, mütəxəssis tövsiyəsinə əməl etməyi məsləhət görərdim. Unutmamalıdırlar ki, vaxtında aparılan müayinə və müalicə xəstənin sağalması ilə nəticələnir”.

Şöbə müdiri bu gün xəstəliklər arasında yoğun və düz bağırsaq xəstəliklərinin geniş yayıldığını da diqqətimizə çatdırdı. Bəzən cərrahların buna sıradan bir xəstəlik kimi yanaşdıqlarını təəssüflə qeyd etdi: “Amma mən deyərdim ki, bu, cərrahiyyənin ən ağır sahəsidir. Niyə ağırdır? Çünki bu xəstələr həmişə öz xəstəliklərini ətrafdakılardan və həkimlərdən gizlədirlər. Özbaşına türkəçarələrlə özlərini müalicə edirlər ki, bu da çox vaxt nəticə vermir. Onlarla söhbət edəndə görürsən ki, illərlə bağırsaqlarında qanlı, selikl-irinli ifrazat halları olur. Bunun səbəbi isə vaxtında müayinə olunmamalarıdır”.

Koloproktoloji xəstəliklərin ümumi təzahürlərindən söhbət açan professor, belə xəstələrin qarın ağrılarından, köpdən, defekasiyanın pozulmasından şikayətləndiyini, anal nahiyədə diskomfort və qaşınma hiss etdiyini, proktalgiya, ishal və ya qəbzlik, nəcisdə qan, anusda selikli-irinli ifrazat müşahidə olunduğunu bildirdi: “Bəzən elə bilirlər ki, qanaxma varsa, xəstəliyi babasildir. Bu səbəbdən uzun müddət müayinə olunmurlar. Bu da ağırlaşmış formaya gətirib çıxarır. Daha fikirləşmirlər ki, hər qanaxma babasil olmaya da bilər.

Koloproktolji xəstəliklər də birdən-birə yaranmır. Normalda yoğun bağarsaq 120-140 sm uzunluğunda olur. Bu da kor bağırsaq, qalxan, köndələn, enən çənbər, siqmavari və düz bağırsaqdan ibarətdir. Kor bağırsaqda 8-10 sm həcmində şiş əmələ gəlməsi üçün illərlə vaxt lazımdır. Şiş toxuması əmələ gəlməmişdən öncə isə simptom verir. Kor bağırsaqda qıcıqlanma, defekasiyanın tezləşməsi, halsızlıq, bəlğəmli-selikli nəcis simptomun əlamətləri hesab olunur. Kimsə özündə sadaladıqlarım halları müşahidə edərsə, mütləq həkimə müraciət etməli, müayinədən keçməlidir”.

Professor koloproktoloji xəstəliklərin vaxtında aşkar olunması üçün məsləhət görür ki, hər kəs ildə bir-iki dəfə müayinə olunsun: “Şöbəmizdə əksər koloproktoloji xəstəlikləri müayinə etmək imkanlarımız var. Xəstələr endoskopik, rentgenoloji, klinik və bakterioloji laborator üsullarla müayinə edilir, maqnit-rezonans tomoqrafiya olunurlar. Şöbəmizdə hər gün açıq və qapalı əməliyyatlar aparılır. 10 aylıq hesabatımızdan məlum olur ki, 16 çarpayı vasitəsi ilə 500-ə yaxın əməliyyat icra edilib. Bunların 60-65 faizi isə böyük əməliyyatlar hesab olunur. Göstəricilərimiz qənaətbəxşdir. Sevindirici haldır ki, bu qədər əməliyyatlar arasında ağırlaşma və ölüm halları qeydə alınmayıb. Əməliyyatların son nəticəsinin qənaətbəxş olması, hesab edirəm ki, xəstələrə xüsusi yanaşmamızın, həkimlərimizin, tibb bacılarının, orta tibb işçilərinin xəstələrə göstərdikləri diqqət və qayğının, xidmətin yüksək səviyyədə olmasından irəli gəlir”.

X.Musayev xəstəliklərin artmasının səbəbini qeyri-düzgün qidalanma, stres, az hərəkətli həyat tərzi, anadangəlmə inkişaf anamoliyaları və s. ilə izah etdi. O, 40 il həkimlik təcrübəsinin olduğunu və xəstələrin sayının 40 il öncəkindən qat-qat çox olduğunu bildirdi: “Əvvəllər qeyri-spesifik xoralı kolid və klon xəstəliyinə tək-tək rast gəlinirdisə, indi hər gün rastlaşırıq. Yoğun bağırsağın anadangəlmə uzanmasını, şişlərləri uğurla əməliyyat edirik. Buna səbəb klinikamızın maddi-texniki bazasının günün tələblərinə cavab verməsidir. Rezidentlərimiz praktik təcrübə toplamaq üçün xəstələrin müayinə olumasında, əməliyyatlarda yaxından iştirak edir, eləcə də təşkil etdiyimiz seminarlara qatılmaqla bilik və bacarıqlarını daha da təkmilləşdirirlər”.