Bizi izləyin:
Heydər Əliyev
Kursantlar hərbi hissə və hospitallarda praktik təcrübə keçir

Kursantlar hərbi hissə və hospitallarda praktik təcrübə keçir

Tibbi profilaktika kafedrası yalnız akademik biliklər aşılamır, həm də gənclərdə vətənpərvərlik ruhunu formalaşdırır

Universitetimizdə yaz semestrinin ikinci yarımilinin dərsləri bir müddətdir ki, başlayıb. Tədris prosesinin təşkili ilə yaxından tanış olmaq üçün Hərbi tibb fakültəsinin Tibbi profilaktika kafedrasını ziyarət etdik. Kafedranın rəisi, tibb xidməti polkovniki Şahin Süleymanov bizə kafedra ilə bağlı ümumi məlumat verdi. Bildirdi ki, kafedrada kursantların diplomaqədərki dövrdə tibbi profilaktika üzrə həkim və feldşer hazırlığı, diplomdan sonrakı mərhələdə isə təkmilləşdirilməsi həyata keçirilir. 

Kafedrada ümumilikdə 5 fənnin tədris olunduğunu qeyd edən rəis bildirdi ki, əsas istiqamətlərə hərbi gigiyena, radioloji və tibbi mühafizə, toksikologiya və mülki müdafiə üzrə tibbi təminat daxildir: “Bu fənlər gələcək hərbi tibb mütəxəssislərinin həm sülh, həm də fövqəladə hallar şəraitində peşəkar fəaliyyətə hazırlanmasında mühüm rol oynayır. Qeyd edim ki, “Hərbi həkim” ixtisası hazırlığı kurslarının kursantları üçün hərbi gigiyena, hərbi epidemiologiya, tibbi parazitologiya, hərbi toksikologiya, radiologiya və tibbi mühafizə fənləri, “Hərbi feldşer” hazırlığı kursunun kursantları üçün isə hərbi gigiyena, hərbi epidemiologiya və tibbi parazitologiya fənləri nəzəri və təcrübi məşğələlər şəklində tədris olunur”.

Ş.Süleymanov mülki müdafiə fənninin yalnız Hərbi tibb fakültəsinin kursantlarına deyil, digər fakültələrin tələbələrinə də tədris olunduğunu bildirdi: “Mülki müdafiə fənni kafedramızın müəllimləri tərəfindən eyni zamanda I-II Müalicə profilaktika, İctimai səhiyyə, Əczaçılıq və Stomatologiya fakültələrinin tələbələri üçün Azərbaycan, rus və ingilis dillərində tədris edilir. Kafedrada tədris olunan bütün fənlər üzrə dərslik və dərs vəsaitləri hazırlanıb, onların müasir tələblərə uyğun yenilənməsi daim diqqət mərkəzində saxlanılır. Kafedranın tədris-metodiki bazası müasir elektron avadanlıqlarla tam təchiz olunub. Bütün siniflərdə, mühazirə zallarında kompüter və barko cihazları quraşdırılıb, dərs otaqları stendlər və tədris ləvazimatları ilə təmin edilib. “Hərbi həkim” ixtisası və “Hərbi feldşer” hazırlığı kurslarının proqramları, həmçinin fənlərin sillabusları müasir tələblərə uyğun yenilənib”.

Polkovnik əlavə etdi ki, bu fənn 2020-ci ildən etibarən ayrıca proqram və kod əsasında kafedraya həvalə olunub: “Praktik dərslər zamanı konkret mövzular üzrə simulyasiya üsullarından istifadə olunur. Fakültədə fəaliyyət göstərən simulyasiya kabinetində fövqəladə hallar zamanı davranış qaydaları, ilkin tibbi yardım prinsipləri və mühafizə tədbirləri əyani şəkildə nümayiş etdirilir”.

Ş.Süleymanovun sözlərinə görə, semestrin sonunda tələbələr fənn üzrə sərbəst iş hazırlayaraq təqdimat edir və yekunda imtahan verirlər: “Qiymətləndirmə 100 ballıq sistemlə aparılır: 90 bal imtahan, 10 bal isə sərbəst iş üçün nəzərdə tutulub. Bu fənn üzrə imtahan mütləqdir və tələbə kredit əldə etmək üçün tələb olunan balı toplamalıdır. Proqram çərçivəsində kütləvi qırğın silahlarının xarakteristikası, mülki müdafiənin vəzifələri, fövqəladə hallar zamanı tibbi taktika və tibbi yardımın təşkili kimi mövzular tədris olunur”.

Rəis onu da vurğuladı ki, konfrans və seminarlarda çıxışlar, elmi məqalələrin və prezentasiyaların hazırlanması kafedrada xüsusi yer tutur. Kafedranın müəllim heyəti 150-dən çox elmi məqalə yazaraq müxtəlif jurnallarda və toplularda dərc etdirib: “Kafedranın müəllim heyətinə Müdafiə Nazirliyində xidmət etmiş zabitlər daxildir. Onlar 1-ci və 2-ci Qarabağ müharibələrində praktik təcrübə qazanmış, səhra şəraitində tibbi təminatın xüsusiyyətlərini bilən təcrübəli mütəxəssislərdir.

Tələbə və kursantlar arasında tərbiyəvi işlərin təşkilinə də xüsusi diqqət yetirilir. Kafedra yalnız akademik bilikləri aşılamır, həm də gənclərdə vətənpərvərlik və peşəkarlıq ruhunu formalaşdırmaq istiqamətində fəaliyyət göstərir”.

Polkovnik, kursantların tədris müddətində keçdikləri təcrübədən də söhbət açdı. Bildirdi ki, kursantların qoşun təcrübəsi Müdafiə Nazirliyinin xüsusi əmri əsasında iyul ayında təşkil olunur. Onun sözlərinə görə, təcrübələr ölkənin müxtəlif bölgələrində yerləşən hərbi hissələrdə, eləcə də Kəlbəcər, Laçın, Şəmkir, Hadrut və Ağdam istiqamətlərində fəaliyyət göstərən hospitallar və tibb məntəqələrində keçirilir: “Təcrübəyə daha çox yuxarı kursda təhsil alanlar cəlb olunur. Aşağı kurs tələbələri isə qoşun təcrübəsi çərçivəsində hərbi tibb məntəqələrində həkim köməkçisi funksiyalarını yerinə yetirir, xəstə və yaralılara ilkin tibbi yardımın göstərilməsi, tibbi xidmətin təşkili və sənədləşmə qaydalarını praktik şəkildə mənimsəyirlər”.

Kafedrada olduğumuz zaman müəllimlər auditoriyalarda tələbə və kursantlara dərs keçirdilər. Vaxtilə adıçəkilən kafedranın rəisi olmuş, hazırda müəllim kimi fəaliyyət göstərən tibb xidməti polkovniki Fərhad Mehbəliyevin fikirlərini öyrəndik. O, hərbi toksikologiya, hərbi epidemiologiya və mülki müdafiə fənlərini tədris edir: “Dərslər həm Azərbaycan, həm rus, həm də ingilis dillərində aparılır. Ümumilikdə üç əsas istiqamət üzrə mühazirə və praktik məşğələlər keçirdiyini bildirdi”.

Onun dediyinə görə, son illərdə tədris proqramlarında mühüm yeniliklər edilib və fənlər beynəlxalq standartlara uyğunlaşdırılıb: “Xüsusilə hərbi toksikologiya üzrə NATO standartlarından geniş istifadə edirik. Epidemiologiya istiqamətində isə əsasən Rusiya məktəbinin dərslik və metodik vəsaitlərinə istinad olunur”.

F.Mehbəliyev onu da vurğuladı ki, ilk dəfə olaraq mülki müdafiə üzrə ingilis dilində dərslik hazırlanıb. Azərbaycan dilində olan dərsliyin yenilənmiş nəşri isə artıq Elmi Şuraya təqdim edilib və müzakirə mərhələsindədir. Onun sözlərinə görə, yeni dərsliklər hazırlanarkən Müdafiə Nazirliyinin son əmrləri, normativ sənədlər və rəsmi qərarlar da nəzərə alınır, bütün dəyişikliklər tədris materiallarına daxil edilir: “Tədrisdə yalnız klassik mühazirə üsulu ilə kifayətlənmirik. İnternet resurslarından, müasir təqdimat vasitələrindən, əyani vəsaitlərdən və praktik məşğələlərdən istifadə edirik. Kursantlar sanitariya-epidemioloji mərkəzlərə aparılır, laboratoriyaların fəaliyyəti ilə yerində tanış olurlar. Tətbiq olunan yeniliklərin əsas məqsədi gələcək hərbi tibb mütəxəssislərinin müasir çağırışlara uyğun, peşəkar və praktik biliklərə malik kadrlar kimi hazırlanmasıdır”.

Digər müəllim, istefada olan tibb xidməti polkovnik-leytenantı Elçin Dadaşovdan tədris etdiyi fənn və kafedranın fəaliyyəti barədə məlumat verməsini xahiş etdik. Bildirdi ki, hazırda hərbi gigiyena fənnini tədris edir: “Bu fənn gələcək hərbi həkimlərin və hərbi feldşerlərin hazırlanmasında mühüm yer tutur. Əvvəlki illərdə bəzi digər fakültələrin tələbələri üçün də tədris olunurdu, lakin hazırda proqram üzrə yalnız hərbi tibb fakültəsinin kursantlarına keçirilir. Semestrin sonunda kursantlar imtahan verəcək və bununla da fənn üzrə tədris prosesi yekunlaşacaq. Hərbi gigiyena fənni Silahlı Qüvvələrdə xidmət şəraitində sanitariya-gigiyena normalarının qorunması, şəxsi heyətin sağlamlığının mühafizəsi və profilaktik tədbirlərin təşkili baxımından xüsusi əhəmiyyət daşıyır”.

E.Dadaşov əlavə etdi ki, fakültədə hərbi tibb mütəxəssislərinin hazırlanması üçün lazımi şərait mövcuddur və kursantlara tələb olunan bilik və bacarıqlar sistemli şəkildə tədris edilir.

Müəllimlərlə həmsöhbət olduqdan sonra tələbələri də dinləmək istədik. Əczaçılıq fakültəsinin II kurs tələbələri Əmirxan Quluzadə, İnarə Əzizova və Polad Hacızadə təhsil şəraiti və dərslərin təşkilindən razı olduqlarını bildirdilər. Onlar qeyd etdilər ki, tədris prosesi ardıcıl şəkildə aparılır və müəllim heyətinin yanaşması isə onları qane edir. Tələbələrin sözlərinə görə, həm nəzəri, həm də praktik məşğələlər yüksək səviyyədə təşkil olunur.

Kursant Fuad Həsənli isə bu ixtisası öz istəyi ilə seçdiyini və qərarından məmnun olduğunu diqqətə çatdırdı. Onun sözlərinə görə, fakültədə təhsil almaq üçün yaradılan şərait qənaətbəxşdir və indiyədək hər hansı problemlə üzləşməyib.

Beyləqan rayonundan olan kursantın ixtisas seçimini ailəsi də dəstəkləyib: “Bu yolu şüurlu şəkildə seçmişəm. Gələcəkdə hərbi həkim kimi xidmət etmək istəyirəm. Hərbi nizam-intizam və tədris mühiti məni qane edir. Silahlı Qüvvələrdə layiqli xidmət göstərmək niyyətindəyəm”.

Reportajımızı bitirərkən bir daha əmin olduq ki, Hərbi tibb fakültəsində və Tibbi profilaktika kafedrasında yaradılmış müasir tədris infrastrukturu və zəngin praktik təcrübəyə malik müəllim heyəti gələcək hərbi tibb mütəxəssislərinin peşəkar şəkildə hazırlanmasını təmin edir.

Paylaş

Dostlarınız ilə paylaşın.