İyunun 27-də Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında tənəffüs sistemi xəstəlikləri üzrə Azərbaycan-Türkiyə səhiyyə forumu keçirilib.
Tədbir qonaqlarını salamlayan universitetin prorektoru İbrahim İsayev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə əlaqədar ölkəmizdə bir sıra beynəlxalq tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan-Türkiyə səhiyyə forumu da bu tədbirlərdən biridir.
İ.İsayevin sözlərinə görə, tənəffüs sistemi xəstəlikləri üzrə forumda aparılacaq müzakirələr hər iki ölkənin həkimləri üçün faydalı olacaq. Forumun keçirilməsində əsas məqsəd Türkiyənin tanınmış mütəxəssisləri ilə birgə tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir.
Sonra İstanbul Universiteti Cərrahpaşa tibb fakültəsinin tənəffüs yolu xəstəlikləri şöbəsinin professorları Bülent Tutluoğlu və Günay Aydın, ATU-nun II uşaq xəstəlikləri kafedrasının müdiri, professor Amaliya Əyyubova çıxış edərək forumun əhəmiyyətindən danışıblar.
Forumda eyni zamanda, Türkiyənin Akademik Solunum Dərnəyinin fəaliyyəti barədə məlumat verilib.
Türkiyəli qonaqlara ATU-nun xatirə hədiyyələri təqdim edildikdən sonra forum işini panel iclaslarında davam etdirib.
Panel iclaslarında Türkiyənin tanınmış mütəxəssislərinin, eləcə də yerli mütəxəssislərin tənəffüs sistemi xəstəliklərinə dair ən aktual problemlər və tətbiq edilən son müalicə metodları ilə bağlı məruzələri dinlənilib, fikir mübadiləsi aparılıb.
Forum işini iyunun 28-də başa çatdıracaq.