Azərbaycan Tibb Universitetinin Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının dosenti, əczaçılıq üzrə fəlsəfə doktoru Sevil Mehralıyeva Türkiyədə tədqiqatlarda iştirak edir. S.Mehralıyeva Ərzurum şəhərindəki Atatürk Universitetində Təbii mənşəli xammallar əsasında nano dərman formalarının alınması istiqamətində tədqiqatlar aparır.
ATU-nun təmsilçisi səfər zamanı Atatürk Universitetinin Tibb və Əczaçılıq fakültəsinin professor-müəllim heyəti ilə görüşüb. Görüşdə Altay Respublikasından Azərbaycana gətirilmiş, yerli iqlim şəraitinə uyğunlaşdırılmış maral pantalarının tərkibinin unikallığı, yeni tətbiq sahələrinin axtarışı istiqamətində geniş diskussiyalar aparılıb. Maral pantalarından Rusiya və Cənub-Şərqi Asiyada müxtəlif dərman və kosmetik vasitələrinin istehsalında, sonsuzluq, ürək-damar, dayaq-hərəkət sistemləri, sinir və həzm sistemi və s. xəstəliklərinin müalicəsində tətbiq olunduğu da vurğulanıb.
Tədqiqat zamanı S.Mehralıyeva maral pantalarından laboratoriya şəraitində hazırladığı nanokapsullar, nanoemulsiya və nanogelin analizlərini Atatürk Universiteti Doğu Anadolu Yüksək Texnoloji Uygulama ve Araştırma Mərkəzinin (DAYTAM) aparıcı mütəxəssisləri ilə birlikdə uğurla yerinə yetirib.
Birgə işlər çərçivəsində maral pantalarından hazırlanan nanodərmanlardan osteoartrit, yaddaş zəifliyi , vaxtından əvvəl yaşlanmadan əziyyət çəkən pasiyentlərə kömək məqsədilə ATU və Atatürk Universitetinin birgə əməkdaşlığı ilə layihələrin hazırlanması təşəbbüsü də irəli sürülüb.