Azərbaycan Tibb Universitetinin İctimai səhiyyə fakültəsində bəzi fəal tələbələrin əvvəlki illərin məzunları ilə görüşü təşkil olunub. Görüşün keçirilməsində məqsəd pandemiya ilə əlaqədar yaranmış durğunluğu aradan qaldırmaq, tələbələr və məzunlar arasında əlaqələri gücləndirməkdən ibarət olub.
Görüşdə ATU-nun və konkret olaraq İctimai səhiyyə fakültəsinin ictimai layihələrində fəallıq nümayiş etdirən, Tibbi profilaktika, İctimai səhiyyə, Ali tibb bacısı, Fizioterapiya və reabilitasiya kimi fərqli ixtisaslar üzrə təhsil alan aşağı kurs tələbələri iştirak ediblər. Onlar fakültənin məzunlarından Aynur Məmmədli, Gülər Məhərrəmova və Sərdar Ociyevlə görüşüblər.
3 saat davam edən görüşdə çox maraqlı müzakirələr aparılıb. Məzunlar öz təcrübələrini tələbələrlə bölüşərək, komanda işinin üstünlüklərindən danışıblar. Görüş iştirakçıları hədəf qoyulan fəaliyyət planını və layihələri müzakirə ediblər.
Qeyd edək ki, görüşdə ATU-nun İctimai səhiyyə fakültəsinin dekanı, professor Anar Ağayev, dekan müavini, dosent Qalin Qəniyeva və tədris məsləhətçisi Nailə Məmmədova iştirak ediblər.