Respublika Diaqnostika Mərkəzində “Laparoskopik cərrahiyyə: imkanları və üstünlükləri” mövzusunda beynəlxalq elmi-praktik simpozium keçirilib. Respublika Müalicə və Diaqnostika Mərkəzi, Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyəti və Türkiyənin üç tibbi dərnəyinin təşkilatçılığı ilə keçirilən tədbirdə bu sahədə dünyanın müxtəlif ölkələrində tətbiq olunan müalicə metodları, yeniliklər barədə məlumat verilib.
Tədbirdə giriş nitqi ilə Respublika Diaqnostika Mərkəzinin baş həkimi Könül Xəlilova, ATU-nun ümumi cərrahiyyə kafedrasının müdiri, professor Elçin Ağayev, Türkiyənin Endoskopik Laparoskopik Cərrahi Dərnəyinin başqanı, professor Cavit Avcı çıxış edərək simpoziumun əhəmiyyətindən danışıblar. Qeyd edək ki, Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyətinin rəhbəri, professor Müsfiq Həsənov tədbirin moderator olub.
Daha sonra Türkiyənin Endoskopik Laparoskopik Cərrahi Dərnəyinin qurucusu, professor Levent Avtan, Travma və Acil Cərrahi Dərnəyinin rəhbəri, professor Orxan Alimoglu, Ostomi Cərrahi Dərnəyinin başqanı, professor Ömər Alabas, İstanbul Tibb Universitetindən professor Hakan Yanar, ATU-nun Ümumi cərrahiyyə kafedrasının müdiri, professor Elçin Ağayev, ATU-nun II Cərrahiyyə kafedrasının müdiri, professor Rauf Ağayev və dosenti Rasim Cəfərli qarın boşluğu üzvləri xəstəliklərinin müalicəsində laparoskopiyanın üstünlükləri haqqında maraqlı məruzələrlə çıxış ediblər.
Həmçinin təcili cərrahiyyədə laparoskopiya, qastroektonomiyada cərrahi texniki detallar, qaraciyər exinokokkozunun diaqnostikası və müalicəsində laparoskopik əməliyyatların xüsusiyyətləri və digər məsələlər barədə mütəxəssislərin fikriləri səsləndirilib. Sonda məruzəçilər onlara ünvanlanan sualları cavablandırıblar.