Azərbaycan Tibb Universitetinin cari tədris ili üçün “Mülki müdafiə tədbirləri planı”na əsasən mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqi keçirilib. Məşqin təşkilində məqsəd xəbərdarlıq sisteminin vəziyyətinin yoxlanılması və şəxsi heyətə xəbərdarlıq və toplanış üzrə vərdişlərin aşılanması olub.
Qeyd edək ki, məşqə rəhbərlik ATU-nun Mülki müdafiə qərargahının rəisi Firdovsi Məmmədova həvalə olunub. Məşqə müvafiq əmrlə yaradılmış I və II qrup MM qüvvələrinin şəxsi heyəti cəlb edilib. I qrup üçün sıra baxışı 3 saylı tədris binasının arxasında baş tutub. Məşq rəhbəri MM qüvvələrinin xəbərdarlıq edilib toplanması barədə rabitə və xəbərdarlıq manqasının komandirinə göstəriş verib. MM qüvvələrinin komandirləri tabeliklərində olan heyətin say tərkibini yoxlayaraq bu haqda məşq rəhbərinə məruzə ediblər. I qrup üzrə məşqə ümumilikdə 55 nəfərdən ibarət heyət qatılıb.
Məşqə cəlb olunan şəxsi heyətlə metodiki toplanış keçirilib. Toplanış məşqində rabitə və xəbərdarlıq, mühəndis-kəşfiyyat, xilasedicilər, yanğınsöndürənlər, sanitar, qəza-bərpa və ictimai asayişi mühafizə manqalarının üzvləri iştirak ediblər.
Məşqdə mülki müdafiə qüvvələrinin şəxsi heyətinin komplektləşdirilməsi, onların əmlakla təchizatı, qarşıya qoyulan vəzifələrinə aid nəzəri bilikləri yoxlanılıb.
II qrup üçün sıra baxışı isə fevralın 25-də 2 saylı yataqxananın qarşısında keçiriləcək. Həmin məşqdə 38 nəfərin iştirakı nəzərdə tutulub.