Xocalı soyqırımının ildönümünə həsr olunmuş turnir keçirilib

 

Xocalı soyqırımının ildönümü ilə bağlı Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə ATU-nun İdman Kompleksində badminton üzrə turnir keçirilib.

Şəhidlərimizin xatirəsi anıldıqdan sonra “Təbib” idman klubunun sədri Qələndər Aslanov tədbiri açaraq turnir iştirakçılarına Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımı haqqında ətraflı məlumat verib. 44 günlük Vətən müharibəsində ATU məzunlarının, o cümlədən idmançılarımızın böyük rəşadət göstərdiklərini də xatırladan klubun sədri yarışa qatılan gənclərə uğurlar arzulayıb və güclülərin qalib gələcəyinə əminliyini vurğulayıb.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Cəlil Əlizadə də açılış mərasimində çıxış edərək bildirib ki, bu cür idman yarışları gənclərdə özünəgüvən hissini daha da gücləndirir. O, bu turnirdə əcnəbi vətəndaşların sayca daha çox olduğunu söyləyərək, ölkəmizdə badmintonun hələ də populyarlaşmadığını, amma gələcəkdə idmanın bu növünə marağın artacağına inandığını deyib.

Bundan sonra dövlət himnimiz səsləndirilib və həm qızlar, həm də oğlanlar arasında fərdi yarışlara start verilib.

Yarışın sonunda qaliblər elan olunub. Qızlar arasında Gilsha Sharmela 1-ci, Amulya Raj 2-ci, Ülkər Məmmədova 3-cü, oğlanlar arasında isə Noman Arshad 1-ci, Alvin Sayl 2-ci və Thomas Tose 3-cü yerə layiq görülüb. Qaliblər diplom və medallarla təltif ediliblər.