Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının (AKHA) təşkilatçılığı və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyi ilə təşkil olunan “Azərbaycan regionlarında şəhid ailələri və qazilərin sağlamlığı” adlı layihə çərçivəsində növbəti tibbi aksiya fevralın 19-da Saatlı Rayon Mərkəzi Xəstəxanasında keçirilib.
Qeyd edək ki, bu layihə ATU-nun Ağız, üz-çənə cərrahiyyəsi kafedrasının assistenti, Könüllü Həkimlər Assosiasiyasının qurucusu Oqtay Mehdiyev rəhbərliyi ilə həyata keçirilir.
Aksiya çərçivəsində 20 ixtisas üzrə 35 könüllü həkim Saatlı, Sabirabad və İmişli rayonlarında yaşayan şəhid ailələrinin üzvlərini, qaziləri müayinə və müalicə ediblər. Paytaxtın müxtəlif dövlət və özəl xəstəxanalarında çalışan kardioloq, onkoloq, radioloq, terapevt, pediatr, nevroloq, uroloq və digər ixtisaslar üzrə həkimlərin müayinəsindən 200-də çox şəxs keçib, zəruri dərman preparatı ilə təmin olunublar.
Xəstəlik aşkarlanmış vətəndaşların tam müayinədən keçməsi, zərurət yaranan cərrahi əməliyyatların isə növbəti aksiyalarda icra edilməsi planlaşdırılır.
Qeyd edək ki, aksiyanın təşkilinə AKHA Tələbə Təşkilatının könüllüləri də lazımi dəstək verib. Aksiyada, həmçinin Azərbaycan Tibb Universitetinin müəllim-tələbələri də yaxından iştirak edb. Belə ki, universitetimizin II Müalicə-profilaktika fakültəsinin dekan müavini Arzu Bəydəmirova və onun rəhbərliyi ilə fakültənin 4-cü, 5-ci, 6-cı kurs tələbələri - Mələkxanım Əliyeva, Aysel Səfərli, Musa Süleymanov, Nərmin Əhmədova, Lamiyə Ələsrəfli, Kəmalə Əsədova, Rüfət Heydərov, Aygün Məmmədova, Fəridə Şahbazzadə, o cümlədən professor Elçin Ağayev, dosentlərdən Elman Tağıyev, Azadə Rəhimova, Fəxriyyə Məmmədova, Aslan Məmmədov əllərindən gələni əsirgəməyiblər. Müayinə olunanlar həkim və tələbələrimizin isti münasibətindən və tibbi xidmətin səviyyəsindən razı qalıblar.
Qeyd edək ki, regionlarda aksiyanın ardıcıl olaraq keçiriməsi nəzərdə tutulur.