Professor Gülnarə Nəsrullayeva deyir ki, yalnız ciddi və davamlı pozğunluqlar aşkar olunduqda, immun sisteminə dərman müdaxiləsi təyin edilir
Dünya Kliniki İmmunoloqlar Assosiasiyasının araşdırmalarına görə, dünya əhalisinin 7-15 faizi immunitet zəifliyindən əziyyət çəkir. Bu problemə diqqət çəkmək üçün Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2002-ci ildən etibarən hər il martın 1-i Ümumdünya İmmunitet Günü kimi qeyd olunur. İmmunitetin zəifliyi və immun sisteminin gücləndirilməsi mövzusu koronavirusun dünyada təşvişə səbəb olduğu bir məqamda daha çox aktuallıq kəsb edir.
Mövzu ilə bağlı ATU-nun Elmi Tədqiqat İmmunologiya Laboratoriyasının müdiri, professor Gülnarə Nəsrullayevadan ilk olaraq immunitet sistemi haqda məlumat verməsini istədik: “İmmunitet insanın özünün daxili tamlığını və yeganəliyini qoruyan bir müdafiə mexanizmidir. Bu mexanizm ilk növbədə bakteriya, virus və digər törədicilərdən, həmçinin infeksiyalardan qoruyur. Bəzi səbəblərdən immun sisteminin funksional yetməzliyi baş verir və insan tez-tez təkrarlanan, ağır gedişli xəstəliklərə düçar olur.
İmmunitetin zəifləməsi və yaxud immun çatışmazlığı müxtəlif səbəblərdən ola bilər. Bunlardan bəziləri anadangəlmə xarakter daşıyır, həyat boyu davam edir, ağır və generalizə olunmuş infeksiyalarla müşayiət olunur, hətta əllilik və ya ölümə də gətirib çıxara bilər. Anadangəlmə (birincili) immun çatışmazlığı genetik patologiyadır və xüsusi müayinə tələb edən uzunmüddətli müalicədir. Bundan fərqli olaraq əhali arasında daha geniş yayılan və bütün yaşlarda rast gəlinən ikincili immun zəifliyi də var ki, bu hal adətən müvəqqəti xarakter daşıyır və bir çox səbəblərlə bağlı olur - yorğunluq, zəif qidalanma, ağır fiziki və psixi gərginlik, hormonal və immunsupressor dərmanlardan istifadə və s.”
Professor deyir ki, infeksion və ya şiş xəstəlikləri, immunsupressiya təsirli dərmanlar, şüalanma, güclü stress və s. hallar da immun sistemində tarazlığı poza bilər: “Normal immun mexanizmlərdə tarazlıq pozulduqda, onun müdafiə funksiyasının yerinə patoloji reaksiyalar baş verir və nəticədə autoimmun, allergik və limfoproliferativ xəstəliklər yarana bilər. İkincili immun zəifliyinin simptomları səciyyəvi xarakter daşımır. İndiyə kimi sağlam hesab olunan şəxslərdə dəridə və selikli qişalarda səpkilərin, bir neçə limfa düyününün 1-2 ay ərzində böyüməsi, dəridə uzun müddət sağalmayan yaralar, tənəffüs və mədə-bağırsaq xəstəliklərin təkrarlanması immun sistemin funksiyasını yoxlamağa zəmin yaradır.
Genetik patologiya ilə əlaqəli anadangəlmə immun çatışmazlığı yoxdursa, tez-tez xəstələnən uşaq və böyüklərə immuniteti gücləndirmək üçün bir sıra təbii vasitələr təyin oluna bilər. Bunlara adaptogen adı altında bitki və heyvan mənşəli preparatlar, təbii endogen interferonun sintezini və virus əleyhinə immuniteti gücləndirən vasitələr aiddir. Xroniki bakterial infeksiya ocaqları olan şəxslərə isə bir qrup bakteral lizatları birləşdirən müasir immunomodulyatorlar təyin oluna bilər”.
G.Nəsrullayevanın sözlərinə görə, immunitet çox zərif və qeyri-stabil bir müdafiə mexanizmidir: “Bir çox hallarda immunitetin zəifləməsi müvəqqəti xarakter daşıyır və müəyyən bir səbəblə bağlı olur. Məsələn, respirator virus infeksiyası, mədə-bağırsaq bakterial infeksiya və s. Bu sistemin özünün bərpa qabiliyyəti var. Orqanizm qısa müddətdə öz immun funksiyasını normal vəziyyətə qaytara bilir. Bu zaman xəstəyə gücləndirilmiş qidalanma, daha çox fiziki və psixoloji istirahət, yuxunun normallaşdırılması və təmiz havada daha çox vaxt keçirməsi tövsiyə olunur, dərman vasitələri təyin edilmir. Adətən bu bərpa 2-4 həftə çəkir. İmmun sisteminə müdaxilə yalnız ciddi və davamlı pozğunluqlar aşkar olunduqda təyin edilir və bunun üçün əsaslı göstərişlər lazımdır. Belə hallara güclü qanaxmada, hemolitik xəstəliklərdə, şualanma zamanı, onkoloji xəstəliklərdə və digər hallarda rast gəlinir. Xəstələr ikincili virus, bakterial və opportunustik infeksiyalara tutulurlar, ağır fəsadlara məruz qalırlar və həyat üçün təhlükə yaranır. Bu zaman immunoterapiyanın aparılmasına zəmin yaranır. İmmun sistemində tarazlıq bərpa olunduqdan sonra müalicə dayandırılır. Yalnız xəstələrdə anadangəlmə immun çatışmazlığı aşkar edildikdə, onun tipinə və ağırlıq dərəcəsinə müvafiq əvəzedici terapiya təyin olunur (timik hormonlar, damar daxili immunoqlobulinlər və s.) Bu halda müalicə həyat boyu davam etməlidir”.