Azərbaycan Tibb Universitetinin (ATU) İctimai Səhiyyə fakültəsi “İxtisasını tanıt” mövzusunda layihəni reallaşdırıb. Layihə çərçivəsində iştirakçı tələbələr seçdikləri, təhsil aldıqları ixtisas barədə tanıtım xarakterli məlumat veriblər.
20 tələbənin iştirak etdiyi layihə zamanı ictimai səhiyyə, fizioterapiya və tibbi reabilitasiya ixtisasları barədə təqdimatlar keçirilib. iki gün ərzində münsiflər heyətinin üzvləri tələbələrin təqdimatlarını dinləyib, öz fikirlərini açıqlayıblar. Qiymətləndirmə mərhələsindən sonra daha çox müsbət rəy qazanan layihələrin müəllifləri mükafatlandırılıb.
Mükafatlandırma mərasimində ATU-nun İctimai Səhiyyə fakültəsinin dekanı, professor Anar Ağayev çıxış edərək bu cür layihələrin əhəmiyyətini qeyd edib, tələblər üçün stimul yaratdığını bildirib. A.Ağayev gəncləri aktiv olmağa, belə təşəbbüslərə maraq göstərməyə çağırıb.
Qeyd edək ki, “İxtisasını tanıt” mövzusunda layihəsində 3 tələbə qalib elan olunub: II kurs tələbəsi Məltəm Sahratlı (ictimai səhiyyə ixtisası), II kurs tələbəsi Azadə Hüseynova (fizioterapiya və tibbi reabilitasiya) və I kurs tələbəsi Fatimə Şabanova (fizioterapiya və tibbi reabilitasiya). Onlara diplom və təşəkkürnamə təqdim olunub. Digər tələbələr iştirakçı sertifikatları ilə təltif olunublar.
Qeyd edək ki, münsiflər heyətinin tərkibi İctimai Səhiyyə fakültəsinin dekanı, professor Anar Ağayev, Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru, Pərvin Əkbərov, ATU-nun tibb təhsili və innovasiya şöbəsinin müdiri Aygün Babayeva, ATU-nun məzunu, AQTİ-nun Milli Referans laboratoriyasının mütəxəssisi Aynur Məmmədli və Tibbi bacılığı ixtisası üzrə müəllim Mədinə Dəryadan ibarət olub.