Gələcəyin həkimləri idman yarışlarında da öndədir

 

Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş yarışlarda tələbələrimiz yüksək nəticələr göstərib


Martın 5-6-da Azərbaycan Tibb Universitetinin Tədris İdman Kompleksində Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş yarışlar keçirilib. Nəsimi rayonunda yerləşən ali təhsil müəssisələrinin tələbələri idmanın futzal, badminton, stolüstü tennis və şahmat növləri üzrə yarışıblar.


Yarışlardan öncə şəhidlərimizin xatirəsi anılıb və ATU-nun şəhid olmuş məzunlarının şərəfinə hazırlanmış stendin önünə güllər düzülüb.
Bundan sonra açılış mərasimi düzənlənib. Tədbirin aparıcısı, ATU-nun Stomatologiya fakültəsinin V kurs tələbəsi Əli Əliyev yarış iştirakçılarını salamlayaraq, Nəsimi rayonu üzrə ali məktəblərin komandalarında təmsil olunan 175 tələbə-idmançını meydana dəvət edib və Azərbaycanın Dövlət Himni səsləndirilib.


Açılış mərasimində yarışın iştirakçılarını və izləyiciləri salamlayan Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov baş idarənin adından bu mötəbər yarışa ev sahibliyi edən Azərbaycan Tibb Universitetinin rəhbərliyinə təşəkkürünü bildirib. İdarə rəisi Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd edilməsinin təsadüfi olmadığını, 1995-ci il martın 5-də ümummilli lider Heydər Əliyevin tanınmış idmançılarla görüşü zamanı ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlinin qoyulduğunu vurğulayıb. O, Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli sərəncamına əsasən, hər il Bədən Tərbiyəsi və İdman Gününün qeyd edildiyini xatırladaraq, bu münasibətlə keçirilən yarışın bütün iştirakçılarına uğurlar arzulayıb.


Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev, ATU-nun Stomatologiya fakültəsinin dekanı Səid Əhmədov və ATU-nun “Təbib” idman klubunun sədri, əməkdar məşqçı, beynəlxalq dərəcəli hakim Qələndər Aslanov da açılış mərasimində çıxış edərək tələbə-idmançılara uğurlar diləyib, güclülərin qalib gələcəyinə inandıqlarını söyləyiblər. Bakı Musiqi Akademiyasının II kurs tələbəsi Elvin Əliyev isə idmançılara təbrikini ecazkar musiqinin dili ilə çatdırıb.


Nəsimi rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Tibb Universitetinin “Təbib” idman klubunun təşkilatçılığı ilə baş tutan yarışlarda Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Musiqi Akademiyası və Azərbaycan Universitetinin yığma komandaları öz güclərini sınayıblar.


Bu yarışlara ev sahibliyi edən ATU hər idman növündə iki komanda ilə təmsil olunub. İki gün davam edən yarışların əsas hədəfi Nəsimi rayonunda yerləşən ali təhsil müəssisələri, eləcə də Azərbaycan Tibb Universitetinin tələbələri arasında müxtəlif idman növlərinin populyarlaşmasına, təbliğinə və inkişafına, idmançı tələbələr arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə töhfə vermək olub.
Tələbələri idman bölmələrində məşğələlərə cəlb etməklə bədən tərbiyəsi və idmanın kütləviliyini təmin etmək, onların idman ustalıqlarını, fiziki hazırlıqlarını və çevikliyini artırmaq, Vətənin müdafiəsinə hazırlıqlı gənclər yetişdirmək də yarışların başlıca hədəflərindən idi.


Bu cür yarışlar tələbələrin asudə vaxtlarını səmərəli keçirmələrini təmin etmək və onları zərərli vərdişlərdən yayındırmaq baxımından da əhəmiyyətlidir. Belə ki, bu yarışlar zamanı həvəskar idmançı tələbələr arasında idman yarışlarının qalibini, həmçinin ayrı-ayrı idman növləri üzrə beynəlxalq və respublika səviyyəli yarışlarda iştirak üçün tələbələrdən ibarət yığma komandaların tərkibini müəyyənləşdirmək imkanı yaranır.


İki günlük yarışlarda təşkilatçılar demək olar ki, öz hədəflərinə çatıblar. Futzal üzrə Azərbaycan Tibb Universiteti I, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti II, Azərbaycan Dövlət İqtisad Universiteti isə III yerə layiq görülüb.
Badminton üzrə Azərbaycan Tibb Universiteti I və II yerləri, Bakı Slavyan Universiteti III yeri tutub.


Stolüstü tennis yarışlarına ATU-nun 3-cü ehtiyat komandası da qatılıb və idmanın bu növü üzrə hər 3 yerin qalibi universitetimizin tələbələri olub.
Şahmat üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin komandası  I, Azərbaycan Tibb Universitetinin komandaları isə II və III yerə çıxıb.
Ən yaxşı əzmkar idmançı kuboku futzal üzrə Azərbaycan Dövlət İqtisad Universitetindən Fərid Sadıxova, badminton üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetindən Nailə Balayevaya, stolüstü tennis üzrə Azərbaycan Tibb Universitetindən Ali Sotoudehə və şahmat üzrə Bakı Musiqi Akademiyasından Elvin Əliyevə verilib.
Qaliblər Nəsimi rayon Gənclər və İdman İdarəsinin diplom, medal və kubokları ilə təltif olunublar.
Qeyd edək ki, yarışlara ATU-nun müxtəlif kurs tələbələrindən könüllülər də cəlb olunmuş, təşkilati işlərə dəstək və tibb personalı qrupu yaradılmışdı. Sonda 18 nəfər könüllü tələbəyə təşəkkürnamələr təqdim edilib.