Türkiyənin Adana şəhərində 5-ci Çukurova Qastro-İntestinal Xəstəliklər və Cərrahiyyəsi konqresinin mükafatlandırma mərasimi keçirilib. Sevinclə bildiririk ki, mərasimdə Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşları da təltif olunublar.
Martın 4-6-da keçirilən beynəlxalq konqresdə ATU-nun ümumi cərrahiyyə kafedrasının əməkdaşı, Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar cəmiyyətinin sədri ,Tibb elmləri doktoru Müsviq Həsənov moderator və məruzəçi qismində iştirak edib. Konqresin açılışında çıxış edən M. Həsənov ATU rektoru, professor Gəray Gəraybəylinin salamlarını konfrans iştirakçıların çatdırıb, həmçinin rəhbərlik etdiyi Cəmiyyət adından təşəkkür plaketini təqdim edib.
Konqresdə M.Həsənovun təqdim etdiyi məruzə böyük maraqla qarşılanıb. Sonda konqresdəki çıxışı və aktiv iştirakına görə ATU əməkdaşı xüsusi mükafata layiq görülüb. Həmçinin, tibb elmləri doktoru Müşfiq Həsənlinin rəhbəri olduğu ERCP xəstəlikləri ilə bağlı elmi iş birinci yerə layiq görülüb. Başda t.e.d. Müşviq Həsənli olmaqla, həkimlərimiz Aqil Ağakişiyev və Həcər Ağakişiyeva "Uluslararası Katılımlı Çukurova Gastro-İntestinal Hastalıklar və Cerrahisi konqresi", "1.Gastroenteroloji Diyetisyenliği konqresi", "5.Gastro-İntestinal Hastalıklarda Hemşirelik konqresi"ndə təqdim etdikləri elmi işə görə "Sözel Sunum Birincilik Ödülü"nə layiq görülüblər.
Qeyd edək ki, Adana şəhərində gerçəkləşən konqresə 5 ölkənin nümayəndə heyətləri qatılıb. Azərbaycanda və eyni zamanda dünyanın bir sıra ölkələrində tibb sahəsində müvəffəqiyyətləri, peşəkar müalicə və müayinə metodları ilə seçilən məşhur həkimlərimizin iştirak etdiyi bu tədbirdə müasir tibbi proseslər ətrafında müxtəlif fikir mübadiləsi aparılıb.