ATU-nun I Cərrahi xəstəliklər kafedrasının və Tədris Cərrahiyyə Klinikasının təşkilatçılığı ilə rezidentlər üçün keçirilən “Laparoskopik vərdişlər” üzrə təlim kursu başa çatıb. Kursun son təlimində çıxış edən ATU-nun I Cərrahi xəstəliklər kafedrasının assistenti Elman Əzimov kurs boyunca iştirakçıların bir çox vacib sahələr üzrə bacarıqlar əldə etməsi barədə danışıb və bu tədbirlərin davamlı olacağını bildirib.
ATU-nun rezidentura və magistratura şöbəsinin müdiri professor Məlahət Sultanova və Tədris Cərrahiyyə Klinikasının direktor müavini professor Davud Pənahov bu təlim kurslarının əhəmiyyəti barədə danışaraq, bu tip tədbirlərin rezidentlərin yetişməsində olduqca faydalı olduğunu vurğulayıblar.
Sonra layihənin təşkilat komitəsinin üzvü, Tədris Cərrahiyyə Klinikasının rezidentlər üzrə məsul şəxsi, Uşaq cərrahlığı kafedrasının assistenti Namiq Xəlilov çıxış edərək ATU-nun rezidentlərinə göstərilən hərtərəfli diqqət və qayğı haqqında danışıb, rezidentlərin elmi və praktik təcrübələrinin təkmilləşdirilməsi üçün klinikada hər cür şərait olduğunu vurğulayıb. N.Xəlilov cərrahiyyənin bütün sahələri üzrə praktiki bacarıqların əldə olunması baxımından laparoskopik cərrahiyyənin elmi əsaslarına həsr edilmiş videomühazirələrin çox faydalı olduğunu da bildirib.
“Karl Storz” firmasının nümayəndəsinin direktoru Taley Bəşirov isə kursun texniki aspektləri barədə məlumat verib. Tədbirin 2-ci hissəsində manekenlər üzərində laparoskopik vərdişlər təqdim olunub.
Qeyd edək ki, bu kurslar təhsil proqramı çərçivəsində keçirilib. Rezidentlər tibb təhsili ilə yanaşı, həm də laparoskopiya üzrə fundamental bacarıqlar, həmçinin cərrahiyyədə düyün və tikiş vərdişləri, müxtəlif növ anastomoz texnikaları ilə də yaxından tanış olublar.