Martın 11-də Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyəsi Klinikasında ATU-nun Rezidentura və magistratura şöbəsinin təşkilatçılığı ilə ənənəvi mühazirələrin növbətisi keçirilib. Bu dəfəki məruzəni Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, professor Çingiz Rəhimov edib.
Əvvəlcə ATU TCK-nin rezidentlər üzrə məsul şəxsi, assistent Namiq Xəlilov və universitetin Rezidentura və magistratura şöbəsinin müdiri, professor Məlahət Sultanova çıxış ediblər. Onlar öz çıxışlarında Ç.Rəhimovun elmi nailiyyətlərindən və ölkəmizdə ağız və üz-çənə cərrahiyyəsi sahəsində bir neçə qabaqcıl metodların ilk dəfə onun tərəfindən tətbiqindən söhbət açıblar. O cümlədən professorun rekonstruktiv kəllə-üz-çənə cərrahiyyəsi sahəsində ən son rəqəmli texnologiyalardan istifadə etməklə səmərəli diaqnostika və müalicə işlərini apardığı barədə rezidentlərə məlumat verilib. Əldə olunan nəticələrin dünyanın ən nüfuzlu elmi-praktiki jurnallarında dərc edildiyi bildirilib.
Sonra professor Ç.Rəhimov "Üz-çənə nahiyəsində plastika əməliyyatları" mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi plastika cərrahiyyəsi, onun istiqamətləri - rekonstruksiya və estetik əməliyyatlar, yanaqların müalicəsi və əl cərrahiyyəsi ilə bağlı ətraflı məlumat verib. Bu sahədə dünyada, o cümlədən ayrı-ayrı inkişaf etmiş ölkələrdə əldə edilmiş nailiyyətlərdən və metodlardan söhbət açıb. Professor ölkəmizdə üz-çənə cərrahiyyəsi sahəsində qazanılmış təcrübə və özünün tətbiq etdiyi üsullar barədə rezidentləri məlumatlandırıb.
İştirakçıların marağına səbəb olmuş məruzədən sonra professor ona ünvanlanan çoxsaylı suallara geniş və əhatəli şəkildə cavab verib.