Azərbaycan Tibb Universitetində (ATU) Təbriz Tibb Elmləri Universitetinin İnnovasiya Mərkəzindən gələn qonaqlarla görüş keçirilib. Görüşdə hər iki təhsil müəssisəsinin rəhbərləri arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli Təbriz Tibb Elmləri Universiteti ilə ATU arasındakı mövcud saziş əsasında uğurlu fəaliyyətdən danışıb. Artıq bir neçə ildir ki, iki universitetin aktiv şəkildə əməkdaşlıq etdiyini, həm tələbə, həm akademik heyət üzvləri arasında mübadilə aparıldığını bildirb. Rektor universitetlər arasında anlaşma memorandumuna əlavə olaraq innovasiya və elmi tədqiqatların birgə aparılmasına dair yenə sənədin hazırlandığını, bu sənədin hər iki müəssisə üçün əməkdaşlıqda yeni imkanlar yaradacağından əmin olduğunu qeyd edib.
Təbriz Tibb Elmləri Universitetinin İnnovasiya Mərkəzinin Direktoru Professor Soodabeh Davaran hazırlanan yeni sənədin iki universitet arasında elmi əlaqələrin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Müasir dünyada təhsilin inkişafının yeni texnologiyalar, yeni məhsullar istehsalı ilə yanaşı addımladığını qeyd edən qonaq bildirib ki, pandemiya dövründə tibb sahəsində innovativ yeniliklərin önəmi bir daha ortaya çıxıb. İki universitet arasında yeni əməkdaşlıq nanotexnologiyalar, əczaçılıq sahəsində də birgə elmi tədqiqatların aparılmasına imkan verəcək.
Sonra tərəflər arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi, müştərək elmi araşdırmaların aparılması, ortaq tədbirlərin təşkili və digər məsələlərlə bağlı müzakirələr aparılıb.
Görüşdə Təbriz Tibb Elmləri Universitetinin İnnovasiya Mərkəzinin elmi işçisi Dr.Aziz Eftikhiari, ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Orxan İsayev, Elmi işlər üzrə prorektor, dosent Rauf Bəylərov, ATU-nun Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrası kafedrasının müdiri professor Məhbubə Vəliyeva, Beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Müşfiq Orucov, Əczaçılıq fakültəsinin dekanı Fərəh Mədətli, Mətbuat xidmətinin rəhbəri Günel Aslanova, Bakı Dövlət Universitetinin Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən Xəlilov, "Biyan Products" MMC-nin direktoru Sevinc İsmayılova iştirak ediridlər.
Qeyd edək ki, iki gün davam edən səfər zamanı Təbriz Tibb Elmləri Universitetinin İnnovasiya Mərkəzinin nümayəndələri ATU-nun klinikaları, müxtəlif kafedraları ilə tanış olublar, Əczaçılıq fakültəsi və laboratoriyalarını ziyarət ediblər.