Ümumdünya Ağız Boşluğunun Sağlamlığı Gününə həsr edilmiş elmi-praktik konfrans keçirilib
Martın 16-da Azərbaycan Tibb Universitetində 20 mart - Ümumdünya Ağız Boşluğunun Sağlamlığı Gününə həsr edilmiş elmi-praktik konfrans keçirilib.
Konfransı açan ATU-nun Uşaq stomatologiyası kafedrasının müdiri, əməkdar elm xadimi, professor Rəna Əliyeva qeyd edib ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra bir çox təşkilatlar yaranıb. Bunlardan biri də Azərbaycan Stomatoloji Assosiasiyasıdır: “Assosiasiyamız 1997-ci ildə təsis olunub və yarandığı gündən başlayaraq, beynəlxalq aləmdə nüfuz dairəsini genişləndirib. Təşkilatımız artıq 1998-ci ildən etibarən beynəlxalq stomatoloji forumlarda aktiv iştirak edərək, respublikamızda da stomatologiyanın müxtəlif sahələrinə həsr olunmuş beynəlxalq konfrans və simpoziumlar təşkil edib. Əsas məqsədlərimizdən biri ondan ibarət idi ki, ASA hər zaman dünya stomatologiyasına inteqrasiya olunmaq üçün addımlar atsın. Çünki dünyadakı stomatoloji yenilikləri, texnologiyaları əldə etmək, bu sahədəki praktikanı genişləndirmək ölkə stomatologiyasına müasirlik gətirməyə imkan verir. 1998-ci ildə İspaniyanın Barselona şəhərində ASA ukraynalı həmkarlarımızla bərabər Beynəlxalq Stomatoloqlar Federasiyasına (FDİ) daimi üzv seçiləndən sonra biz bu məqsədimizə nail olmuşuq”.
ASA-nın fəaliyyət istiqamətlərindən söhbət açan R.Əliyeva bildirib ki, ilk istiqamət beynəlxalq fəaliyyətlə bağlıdır: “Qeyd etdiyim kimi, FDİ-də fəaliyyətini uğurla davam etdirən ASA 2005-ci ilin nəticələrinə görə beynəlxalq təşkilatın inkişaf fondunun donorlarından biri kimi tarixə düşüb. Həmçinin ASA Azərbaycanda beynəlxalq stomatologiyanın aktual problemlərinə həsr olunmuş konfranslar keçirib. Bununla yanaşı, ASA-nın nümayəndələri hər il FDİ tərəfindən təşkil edilən bütün konqreslərdə yaxından iştirak ediblər.
İkinci istiqamətimiz isə ölkədaxili fəaliyyətimizin təməlini təşkil edir. Belə ki, ASA Azərbaycanın paytaxtı ilə yanaşı, bölgələrdə də müxtəlif layihələr həyata keçirib. Artıq ənənə halını alan bu işlərdə həkimlər üçün maarifləndirici aksiyalar təşkil olunub. ASA-nın işinin əhəmiyyətli mərhələlərindən biri də assosiasiyamızın dövri mətbuat orqanının yaradılmasıdır. “Qafqazın Stomatoloji Yenilikləri” adlı dərgimiz apardığımız işlərin hesabatlarını, qarşıda dayanan məqsəd və məramlarımızı oxucuların diqqətinə çatdırır. Dərginin redaksiya heyətinə MDB-nin və digər xarici ölkələrin görkəmli alimləri daxildir”.
Daha sonra konfransda çıxış edən assistent Leyla Musayeva, dosentlər Rumiyə Abbasova və Gülşən Zeynalova nəzərə çatdırıblar ki, ASA yalnız stomatoloji xəstəliklərlə bağlı deyil, digər sahələr üzrə də fəaliyyət proqramları təşkil etməkdədir. Belə ki, 1999-cu ildən başlayaraq, bu assosiasiya şəkərli diabet xəstəsi olan uşaqlar üçün ağız boşluğunu sağlamlaşdırmaq istiqamətində proqram həyata keçirir. ASA-nın üzvləri endokrinoloji dispanser nəzdində diabetli uşaqlarda ağız boşluğunun gigiyenasını yaxşılaşdırmaq məqsədi ilə dərslər keçir. Onlar qeyd ediblər ki, uşaq yaşlarında stomatoloji xəstəliklərin azaldılmasının vahid və təsirli vasitəsi həm də profilaktik proqramlardır. Bununla əlaqədar olaraq, assosiasiya tanınmış müvafiq şirkətlərlə Azərbaycanda məktəb-təhsil proqramını reallaşdırıb. Bu proqram ağız boşluğu gigiyenasının yaxşılaşdırılmasına xidmət edir. Qarşıda duran planlardan da danışan natiqlər deyiblər ki, ASA-nın ölkədə keçirdiyi elmi-praktik konfranslar nəticəsində həkim-stomatoloqların bilik, ixtisas səviyyələri artırılır, burada aparılan fikir mübadilələri isə ümumi işi daha uğurlu şəkildə qurmağa kömək edir.
Konfransda ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, Tədris Stomatoloji Klinikanın direktoru, t.ü.f.d. Mahir Səfərov, Stomatologiya fakültəsinin dekanı, dosent Səid Əhmədov, eləcə də bu sahəylə bağlı kafedraların rəhbərləri və tanınmış mütəxəssislər iştirak edirdilər.