ATU-nun Oklahoma Universiteti ilə əməkdaşlığı müzakirə olunub
Oklahoma ştatı milli qvardiyasının komandanı, general-leytenant Mayls Dirinqin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub.
ATU-nun tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev amerikalı qonaqları qəbul zamanı bu görüşdən məmnunluğunu dilə gətirib. S.Əliyev qonaqlara Azərbaycanın yeganə ali tibbi təhsil ocağı olan Tibb Universiteti haqqında ətraflı məlumat verib. ATU-nun xarici ölkələrlə, xüsusilə Türkiyə və Almaniya ilə əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayan prorektor gələcəkdə Amerika Birləşmiş Ştatlarının tibb müəssisələri ilə ikitərəfli əlaqələrin daha da möhkəmlənməsini arzuladığını bildirib.
Nümayəndə heyətinin rəhbəri general-leytenant Mayls Dirinq də öz növbəsində səmimi qəbul üçün universitet rəhbərliyinə təşəkkürünü bildirib və bu əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını deyib.
ATU-nun beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Rəhimə Qabulova Oklahoma Universiteti ilə təməli hələ 2010-cu ildə qoyulmuş əməkdaşlığın perspektivlərindən danışıb.
Görüş zamanı müzakirə edilən məsələlər arasında Oklahoma Universitetinin Tibb Elmi Mərkəzi (OU HSC) ilə əməkdaşlığın bərpası, mümkün əməkdaşlıq sahələrin araşdırılması da olub. İkitərəfli əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsinin aparıldığı görüşün sonunda iştirakçılara xatirə hədiyyələri təqdim edilib.
Qeyd edək ki, Oklahoma Milli Qvardiyasının nümayəndə heyətinə Ştatla Tərəfdaşlıq Proqramının (SPP) direktoru, polkovnik-leytenant Rastin Uon, Birləşmiş Qərargahın (JFHQs) idarə rəisi, polkovnik-leytenant Çarlz Buz və ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri daxil olub.