Bu gün Azərbaycan Tibb Universitetinin “Rezident Həyatı Yaşa” layihəsinin iştirakçıları universitetin rektoru, professor Gəray Gəraybəyli ilə görüşüblər. Görüşdə ATU-nun müalicə ixtisası üzrə təhsil alan III, IV və V kursdan olan 184 tələbə iştirak edib.
Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli öncə görüş iştirakçılarının bayramını təbrik edərək, onlara qarşıdakı dövrdə uğurlar arzulayıb. Tələbələrin nəzəri biliklərlə yanaşı, praktik bacarıqlarının da inkişaf etdirilməsinin vacibliyini vurğulayan G.Gəraybəyli universitetdə bu istiqamətdə ciddi işlər aparıldığını bildirib: “Bildiyiniz kimi, ATU-da tələbələrimizin praktik bacarıqlarını gecləndirməsi üçün treyninq mərkəzləri mövcuddur. Bununla yanaşı, onlar digər ali məktəblərin nəzdindəki simulyasiya mərkəzlərində praktika keçəcəklər. Həmçinin, ÜST-lə birgə 6-cı kurs tələbələrimiz üçün Şamaxıda maraqlı praktika proqramları təşkil olunur. Bir sözlə, tələbələrimizin praktik vərdişlərinin təkmilləşdirilməsi üçün bir çox addımlar atırıq ki, onlar rezidentura pilləsində əminliklə seçdikləri ixtisasa yiyələnə bilsinlər”.
ATU-nun I müalicə-profilaktika fakültəsinin dekanı, dosent Elşad Novruzov layihənin məqsədləri və təfərrüatları haqqında məlumatı bölüşüb. Qeyd edib ki, 3-14 fevral tarixlərində keçirilən layihə çərçivəsində 9 böyük baza iş görülüb. Layihənin məqsədi tələbələrin mənimsəmək istədikləri ixtisas haqqında öncədən təəssüratlarının yaranmasına nail olmaqdır. E.Novruzov tələbələrin bu cür təşəbbüslərdə aktiv iştirakını dəstəkdiklərini, təşəbbüsün davamlı olacağına inandığını da bildirib.
Qeyd edək ki, “Rezident Həyatı Yaşa” layihəsinin məqsədi tələbələrin fərdi inkişafına hyardım etmək, onların sahib olmaq istədikləri ixtisasla öncədən tanış olmasına şərait yaratmaqdan ibarətdir. Layihənin həyata keçirilməsində ATU-nun Tədris Cərrahiyyə Klinikası, ATU-nun Tədris Terapevtik Klinikası, Onkologiya klinikası, Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi, 2 saylı Psixiatrik kliniki xəstəxana, Respublika Dəri-Zöhrəvi dispanseri, Modern Hospital, Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxana, Fərəcov adına Elmi Tədqiqat Pediatriya İnstitutu kimi bazalar iştirak edib.
Sonda görüş iştirakçıları layihə ilə bağlı hazırlanmış videoçarxı seyr ediblər.