ATU-nun Debat klubunun XXll Daxili turniri keçirilib

Azərbaycan Tibb Universitetinin Debat klubu tərəfindən XXll Daxili turniri keçirilib. “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi və ATU Tələbə Həmkarlar İttifaqının dəstəyi ilə baş tutan turnirin açılış mərasimində bir sıra universitetlərdən fəxri qonaqlar iştirak ediblər.

ATU THİK sədri Qoşqar İsmayılov giriş nitqi ilə çıxış edərək turnirin təşkili haqqında danışıb, builki tədbirin təfərrüatlarını açıqlayıb. O, ATU THİK-in Debat klubuna yeni qoşulan tələbələri də  təbrik edib. “Vətəndaş Cəmiyyətində Debat” İB-nin sədri Ülviyyə Axundova turnir iştirakçılarına uğurlar arzulayaraq onları aktiv olmağa çağırıb.

Açılış mərasimində Azərbaycan Memarlıq və İnşaat  Universitetinin debat klubunun sədr müavini Vüqar Məmmədov, Azərbaycan Turizm və Menecment Universitetinin təcrübəli debatçıları Nicat Qasımlı, Anar Nuruzadə, Samir Əliyev və Əli İsgəndərli, Azərbaycan Texniki Universitetinin təcrübəli debatçısı Sübhan Tağızadə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin debat klubunun sədri Rüstəm Babazadə da iştirak ediblər.

İyirmi iki komandanın iştirakı ilə əyləncəli formada baş tutan turnirin finalına "TNF-Alfa" və " Machiavellianism" komandaları vəsiqə qazanıb. Final oyununda hakimlərin qərarına əsasən "Machiavellianism" komandası XXll daxili turnirin çempionu adına layiq görülüb. Qalib komandanın heyəti  l spiker Rəvan Novruzov, ll spiker Fidan Seyfullayeva və lll spiker Selcan İsmayılovadan ibarətdir.