Bu günlərdə Türkiyənin Antalya vilayətində 22-ci Beynəlxalq Cərrahiyyə Konqresi baş tutub. Dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislərin qatıldığı tədbirdə Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşları da iştirak ediblər.
Cərrahiyyənin bütün sahələrini əhatə edən konqresdə endokrinoloji, bariatrik, təcili cərrahiyyə, yırtıq cərrahiyyəsi, abdominal və torakal cərrahiyyə mövzusunda elmi təqdimatlar keçirilib. ATU-nun ümumi cərrahlıq kafedrasının professoru Novruz Hacıyev 15-dən çox azərbaycanlı cərrahın ibarət olduğu nümayəndə heyəti adından konqresdə çıxış edib.
Elmi toplantıda ATU-nun I cərrahi xəstəliklər kafedrasının assistenti t.ü.f.d. Azər Hümbətov "Tiroid düyünlərinin dəyərləndirilməsində elastoqrafiyanın rolu" mövzusunda çıxış edib. O, həmçinin apardığı tədqiqatların nəticələrinə dair 4 poster çıxışını da təqdim edib. A.Hümbətov Tiroidektomiya əməliyyatı ağırlaşmaları; Hipokalsemiyanın səbəbləri, Azərbaycanın endemik və qeyri endemik bölgələrində tiroid düyünlərinin malıqn riski və s. mövzusunda fikirlərini həmkarları ilə bölüşüb. ATU-nun ümumi cərrahlıq kafedrasının professoru Novruz Hacıyev də konqresdə təqdimatla çıxış edib. Dörd gün davam edən toplantı bu gün işini tamamlayıb.