British University of Nicosia-nın rəhbərləri ATU-da qonaq oldu
Bu gün Azərbaycan Tibb Universitetində (ATU) Şimali Kipr Türkiyə Cümhuriyyətindən olan qonaqlarla görüş keçirildi. Görüşdə British University of Nicosia-nın rektoru Prof.dr. Cem Birol, Kiprin ən böyük xəstəxanasının baş həkimi dr. Ersan Berksel, ATU-nun beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Rəhimə Qabulova, ATU-nun ümumi işlər üzrə prorektoru Natiq Xəlilov, rektorun köməkçisi Rafiq Bayramov iştirak ediblər.
Görüş zamanı Natiq Xəlilov qonaqlara ATU-nun fəaliyyəti, strukturu, klinikaları, tədrisin təşkili haqqında ətraflı məlumat verdi. Qeyd olundu ki, hazırda universitetin 4 klinikası, 7 fakültəsi, 74 kafedrası mövcuddur. ATU-da 17 ölkədən olan 800-dən artıq əcnəbi tələbə təhsil alır ki, onların da əksəriyyətini Türkiyədən olan tələbələr təşkil edir.
Professor Cem Birol isə rəhbərlik etdiyi British University of Nicosia haqqında məlumat verdi. Onun sözlərinə görə, bu universitet ötən il yaradılıb və ilk tələbələrini gələn ildən qəbul edəcək. Artıq British University of Nicosia bir sıra beynəlxalq təhsil müəssisələri ilə əlaqələr qurub: "İndi də Azərbaycan Tibb Universiteti ilə tanış olmaq istədik. Azərbaycan bizim üçün qardaş məmləkətdir, burada təhsil və tədrisin hansı səviyyədə olduğunu öyrənmək istəyirik".
Kiprin ən böyük xəstəxanasının baş həkimi, mərhum prezident Rauf Denktaşın şəxsi həkimi olmuş Ersan Berksel universitetdəki Sağlıq fakültəsindən söz açdı. Türkiyəli professor ATU-nun bu sahədə təcrübəsi ilə tanış olmaq istədiyini bildirdi. Qeyd etdi ki, British University of Nicosia-nın həmçinin tibb sahəsində magistratura təhsili vermək niyyəti də var və burada azərbaycanlı tələbələrə xüsusi şərtlər yaradıla bilər.
Görüş zamanı Azərbaycan Tibb Universiteti ilə British University of Nicosia gələcəkdə iş birliyi qura biləcəkləri haqqında da müzakirələr aparıldı. Qərara alındı ki, növbəti görüşlər üçün əməkdaşlıq haqqında memorandum layihəsi hazırlansın.