ATU-da 31 mart – Azərbaycanlıların Soyqırımı Günü qeyd edilib

Tədbirdə vurğulanıb ki, bu, öz amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdən biridir

 

Nəsimi rayon İcra Hakimiyyətinin və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların soyqırımının 104-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirin əvvəlində Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəman oğul və qızlarımızın, eləcə də soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Nəsimi rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Gülarə Verdiyeva tədbiri açaraq, ilk növbədə anım mərasiminin keçirilməsinə şərait yaratdığına görə, rektor, professor Gəray Gəraybəyli başda olmaqla ATU-nun rəhbərliyinə təşəkkürünü bildirib. O, milli yaddaşımızı təzələməyin vacibliyinə toxunaraq qeyd edib ki, indi zaman başqadır. Sosial şəbəkələrdə ölkəmizin tarixi o qədər dolğunluğu ilə əks olunub ki, istənilən məlumatı asanlıqla əldə edə bilirik: “Mart soyqırımı azərbaycanlıların başına gətirilən ən böyük faciələrdən biridir desək, yanılmarıq. 1918-ci ilin mart, aprel aylarında erməni vandallarının öz himayədarlarının köməyi ilə azərbaycanlılara qarşı törətdikləri bu vəhşiliklər heç vaxt tariximizdən və yaddaşımızdan silinməyəcək. Çünki bizim bu tarixi unutmağa və unutdurmağa haqqımız yoxdur. Bakıda, eləcə də Şamaxı, Quba, Qarabağ, Naxçıvan, Zəngəzur və digər bölgələrdə törədilən qırğınlar, qanlı hadisələr zamanı ermənilər bir neçə gün ərzində minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirib, qoca, qadın və uşaqlara belə aman verməyiblər”.

Erməni vəhşiliyinin dünyaya təqdim olunması istiqamətində ardıcıl və məqsədyönlü işlər görüldüyünü xatırladan G.Verdiyeva dövlət başçısı İlham Əliyevin “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” 30 dekabr 2009-cu il tarixli sərəncamını bu istiqamətdə atılan mühüm addım kimi dəyərləndirib.

Millət vəkili Məlahət İbrahimqızı da 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. Bildirib ki, faşist ideologiyası ilə zəhərlənən erməni vandallarının Azərbaycana, eləcə də qardaş Türkiyəyə qarşı düşmənçiliyinin tarixi 300 ildən çoxdur. Bu əsassız düşmənçilikdən imperialist qüvvələrin də zaman-zaman yararlandığını diqqətə çatdıran millət vəkili qeyd edib ki, 31 Mart soyqırımı öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir.

M.İbrahimqızı ermənilərin iki əsrdir azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı və deportasiya siyasətinə yalnız ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə hüquqi-siyasi qiymət verildiyini, bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə erməni təcavüzünün və vandalizminin nəticələrinin aradan qaldırılması, erməni vəhşiliyinin dünyaya təqdim olunması istiqamətində ardıcıl və məqsədyönlü işlər görüldüyünü vurğulayıb.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun Vətən müharibəsindəki şanlı zəfərindən də söhbət açan millət vəkili gələcəyimiz olan gənclərin hər zaman vətənpərvər və qurucu ruhda yetişməsindən qürur duyduğunu deyib. Eyni zamanda müasir informasiya texnologiyalarının imkanlarından istifadə edərək əsl həqiqətləri beynəlxalq aləmə çatdırmaq baxımından Azərbaycan gənclərinin üzərinə mühüm vəzifələr düşdüyünü bildirib.

Çıxışlarını sual-cavab formatında quran Azərbaycan Tibb Universitetinin tələbələri Cavid Mustafazadə və Fidan Həsənli, Azərbaycan Dillər Universitetinin tələbələri Nicat Əliyev və Günel Dadaşova, eləcə də musiqi kollecinin tələbəsi Əsmər Eyvazova son yüz ildən artıq müddətdə Azərbaycan tarixində baş vermiş faciəli hadisələrin xalqın yaddaşında silinməz izlər buraxdığını söyləyərək, gənclərimizi belə taleyüklü məsələləri daim diqqətdə saxlamağa, soyqırımı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında fəal olmağa çağırıblar.

Anım tədbirində ATU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov və YAP-ın Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov da iştirak ediblər.

Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanından sonra hər il mart ayının 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.