Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Tədris Simulyasiya Mərkəzini ziyarət edib. Mərkəzinin rəhbəri t.ü.f.d Zəhra Vəzirova rektor G.Gəraybəylini mərkəzin fəaliyyəti ilə tanış edib. Burada bütün ixtisaslarda tibb mütəxəssislərinin hazırlanması, orta və kiçik tibb personalının ixtisas bacarıqlarına yiyələnməsi, fərdi praktik vərdişlərin öyrədilməsi və təkmilləşdirilməsi, eyni zamanda, yeni bacarıqların əldə edilməsi istiqamətində aparılan işlər barədə geniş məlumat verib.
Azərbaycan Tibb Universiteti ilə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı arasında mövcud olan müqavilə əsasında filialında təşkil olunmuş Tədris Simulyasiya Mərkəzində ATU tələbələri üçün praktiki təlim və bacarıqların səviyyəsinin qiymətləndirilməsi məqsədi ilə ən müasir texnologiyalar və şərait mövcuddur. ATU-nun rektoru, professor G.Gəraybəyli bu texnologiyalarla da tanış olub.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli Mərkəzdə müəyyən fənlər üzrə tədris alan Azərbaycan Tibb Universitetinin tələbələrlə görüşüb və onlarla geniş fikir mübadiləsi aparıb.
Professor Gəray Gəraybəyli bildirib ki, tələbələrin, rezidentlərin və həkimlərin peşə bacarıqları səviyyəsinin yüksəldilməsi üçün bu mərkəzin fəaliyyətinin böyük önəmi var. Həmçinin mərkəzin işçi heyəti tərəfindən təşkil olunan tədris prosesindən tələbələrin rəylərini öyrənib. Tələbələr burada tədrisin yüksək səviyyədə aparılması üçün yaradılan şəraitdən məmnunluqlarını bildiriblər.
Daha sonra rektor G.Gəraybəyli mərkəzin endoskopiya, USM, ginekologiya, reanimasiya, xəstəyə qulluq və təcili yardım otaqlarında robot-simulyatorlar üzərində tələbələrin apardıqları manipulyasiyaları izləyib. Tədris Simulyasiya Mərkəzində yaradılan şəraitdən məmnunluğunu bildirən və görülən işlərin təqdirə layiq olduğunu bildirən professor G.Gəraybəyli mərkəzin kollektivinə uğurlar arzulayıb.
ATU-nun tədris şöbəsinin müdiri, dosent Kamandar Yaqubov qeyd edib ki, ATU tələbələri hər gün mərkəzdə 5 bacarıq fənninin - Venadaxili inyeksiyalar, Təcili tibbi yardım, Dispanserizasiya, Fiziki müayinə, Təməl ürək və Ağciyər reanimasiyası fənlərinin tədrisində iştirak edirlər. Tədris prosesi 3 mərhələli şəkildə həyata keçirilir. Yayda daxili xəstəliklər və cərrahi xəstəliklər fənləri üzrə dövlət attestasiyana buraxılan ATU tələbələri üçün bacarıq imtahanı da bu mərkəzdə təşkil olunacaq.
ATU rektoru, professor Gəray Gəraybəyli Mərkəzdə imtahanların keçirilməsi üçün hazırlanmış sektorla da tanış olub. Tələbələr buradakı stansiyalara şəxsi İD kodu ilə daxil olub, ayrılmış zaman müddətində bacarıq imtahanı keçəceylər. Yekunda tələbənin chek-list formasında imtahan müşaidə nəticəsi tamamlanır. Bacarıq imtahanında iştirak edən tələbələrin imtahan nəticələri həmin gün universitetin portallarına yerləşdirilir.
Görüşdə qonaq qısmində iştirak edən Bakı Sağlamlıq Mərkəzinin direktoru, dosent Asiman Həsənov, qeyd edib ki, Tədris Simulyasiya Mərkəzinin komandası yüksək ixtisaslı anestezioloq-reanimatoloqlar, mama-ginekoloqlar, kardioloqlar, cərrahlar və psixoloqlardan ibarətdir. Komanda üzvləri xarici ölkələrdə səhiyyə sahəsində mütəxəssislərin hazırlanmasında çoxillik təcrübə əldə ediblər.
Qeyd edək ki, Tədris Simulyasiya Mərkəzi Azəbaycan Tibb Universiteti və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri, rezidentləri və həkimlərin praktik bacarıqlarını artırmaq və simulyasiya təlimindən istifadə edərək müxtəlif tibb peşələri üzrə mütəxəssislərin ixtisaslarını artırmaq üçün yaradılıb. Tədris Simulyasiya Mərkəzinində xarici ölkələrin səhiyyə mütəxəssislərinin zəngin təcrübəsindən yararlanaraq beynəlxalq standartlara uyğun olan təlim proqramlarından istifadə edirlər.